SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Sabirabadda asfalt örtüyünün keyfiyyətsiz və piyada səkisindən hündür olduğuna dair videogörüntü paylaşılmışdı.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan münasibət bildirildi və asfalt örtüyünün prosedur qaydalarına uyğun şəkildə çəkildiyi qeyd edildi.

Sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə daha bir video yayılıb. Sabirabad sakini şəhər boyu mərkəzi küçələri çəkərək asfalt örtüyünün səliqəsiz, keyfiyyətsiz şəkildə döşəndiyini iddia edir:

“Asfalt örtüyü piyada səkisindən hündür oldu. Sabah yağış yağsa küçələri sel-su aparacaq. Sabirabada Rayon İcra Hakimiyyəti, ərazi nümayəndəliyi vaxtında məsələyə nəzarət etməsə, sabah bunun fəsadlarının qarşısını ala bilməyəcək. Yağış sularının tökülməsi üçün nəzərdə tutulan yeri də qır ilə doldurublar. Qır çoxdur da, artıq qalıb yəqin. Sabirabad Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin qarşısı, mərkəzi parkın, məktəbin ətrafı hamısı bu gündədir. Asfaltı necə gəldi tökdülər. Məktəbin qarşısında bir dənə zibil qabı yoxdur, hamısı bu yol kənarındakı xəndəklərə atılır. Heç kim küçələrin təmizliyinə baxmır. Kanalizasiyanın da üstünü bağlayıb, qır töküblər.

Asfaltın mükəmməl olduğunu yazan şəxslər, siz də arada nöqsanları çəkib paylaşın, deyin ki, vaxtında tədbir görülsün. Bütün bunlar Sabirabada o qədər ziyan vuracaq ki, heç 2 milyon pul da ayrılsa, həll etmək mümkün olmayacaq”.

BAKU.WS-in məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Sabirabadda asfalt döşənməsi ilə bağlı yayılan görüntülərlə bağlı “oxu.az”a açıqlamasında bildirib ki, sözügedən ərazi şəhərdaxili küçə olduğu üçün agentliyin balansında deyil və həmin küçəyə agentlik tərəfindən xidmət göstərilmir:

“Ölkə başçısının sərəncamı ilə sözügedən küçənin asfalt-beton örtüyünün yenilənməsi, daha sonra üfiqi nişanlanma xətlərinin çəkilişi işləri agentliyimizə həvalə olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Köhnə asfalt-beton örtüyünün üst layı qaşınaraq ərazidən daşınıb, əvəzinə bundan öncə olan asfaltla eyni hündürlükdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Layihə üzrə səki və səki daşlarının yenilənməsi nəzərdə tutulmur. O ki, qaldı kanalların təmizlənməsi məsələsi, qeyd edim ki, hazırda təmir işləri davam edir. İşlər yekunlaşan kimi kanal asfalt qırıntılarından və agentliyin işinə aid olmasa da, bundan öncə ora yığılmış tör-töküntü və torpaqdan da təmizlənəcək”.

BAKU.WS
VİDEO