VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satışı və yaxud tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satışı qadağan edilib, dərman vasitələrinin yerli istehsalçıları və xarici istehsalçılarının nümayəndələri qarşısında yeni öhdəlik qoyulub.

BAKU.WS APA-ya istinadən məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişiklik layihəsi ilə bağlı MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

Qeyd olunub ki, qanunun 4-cü (Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları) maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə ediləcək əlavəyə görə isə dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə, 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası "Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq.

Qanuna təklif edilən digər dəyişikliklər bioloji fəallığa malik qida əlavələrinin xəstələr üçün həkim reseptinə yazılmasının qadağan edilməsini nəzərdə tutur və bu tip qida əlavələri dərman vasitəsi hesab edilməyəcək. Başqa sözlə, "Dərman vasitələri haqqında” qanuna yeni 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddə əlavə edilir. Həmin maddədə bildirilir ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəzləmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.