SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün akademik, azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür.

BAKU.WS xəbər verir ki, Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub.

O, 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb.

A.Paşayev həmin vaxtdan yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb, seriya ilə istehsala buraxıb.

Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.

Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də "Şöhrət ordeni"nə layiq görülüb.

O, 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

BAKU.WS görkəmli alim, əməkdar elm xadimi Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edir!

BAKU.WS