SİZİN REKLAM BURADA!
055 213 76 73


 

2-ci qrup əlil, kimsəsiz, tənha yaşayan Simuzər Həsənova körpəsi ilə birlikdə küçəyə atılıb. BAKU.WS xəbər verir ki, Musavat.com saytının əməkdaşı onunla yaşadığı ərazidəki parklardan birində görüşərək söhbətləşib. 

Simuzər Həsənova uzun müddətdir, pulunu ödəyə bilmədiyi üçün yaşadığı kirayə mənzildən çıxarıldığını, beləliklə azyaşlı oğlu ilə birlikdə demək olar ki, küçələrdə qaldığını dedi: "Əlilliyim ilə əlaqədar 50 manat pensiya alıram. Ondan başqa heç bir gəlirim yoxdur. Heç olmasa əvvəllər dövlətdən 70-80 manat sosial yardım alırdım. Lakin bu yaxınlarda həmin proses elektronlaşdırıldığından heç nə ala bilmirəm. Məndən qaz sayğacının və digər kommunal xidmətlərin arayışını istəyirlər. Mənim evim yoxdur axı, necə o arayışları verim? Mənim də evim olmadığından o sənədləri düzəldə bilmirəm. Uşağa görə də dövlətdən heç bir pul almıram. Deyirlər ki, həmin pul sosial yardımın içində gedir. Mən də aldığım 50 manat pensiyamı kirayəyə verib, sosial yardım ilə birtəhər dolanırdım. Amma indi tək pensiyam ilə dolanmağa məcburam. Həmin 50 manatı kirayəyə, yoxsa yaşamağımıza xərcləyim, bilmirəm. Ev sahibləri evin pulunu ödəyə bilmədiyim üçün məni evdən çıxardırlar. Məcbur qalıb hər gecə bir qonşunun evində qalıram. Bir əlimdəki çantamdır, bir də körpəm, hər gün bir qonşuya gedirik. Sağ olsun qonşular, bacardıqları qədər bizə yemək, paltar verirlər. Günlərimizi belə keçiririk”.

S.Həsənova ürək qüsuru ilə doğulmuş 3 yaşlı oğlunun da sağlamlığının təhlükə altında olduğunu, maddi imkansızlıq üzündən inkişafdan geri qaldığını bildirdi: "Çörəyin qiyməti artıq 50 qəpiyə qalxıb. Bəlkə başqaları üçün bunun o qədər də fərqi yoxdur. Amma bu qiymət bizim üçün çox bahadır. Hər gün 50 qəpiyi tapa bilmirəm. Uşaq günlərlə ac-susuz qaldığından inkişafdan geri qalır, çox zəifdir, 3 yaşı var, amma hələ danışmır. Mən aclığa dözürəm, amma uşaq dözmür, axı... Uşağa necə başa salım ki, yemək, çörək almaq imkanım yoxdur. Atası da uşaq evindən çıxmışdı, qolundan əlil idi. Xəstəliyim ucbatından ona qulluq edə bilmirdim, buna görə ayrılıb məndən... Əlil olduğu üçün alimentdən azad edilib. Beləliklə, uşağa təkbaşına baxmağa məcburam”.

 

S.Həsənovanın sözlərinə görə, dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də, bir nəticəsi olmayıb: "Vəziyyətimiz ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, icra hakimiyyətinə çoxlu sayda müraciətlər etmişəm, məktublar yazmışam. Lakin bir səs-soraq yoxdur. Ya da ki, bildirirlər ki, yalnız mənəvi köməklik göstərə bilərlər. "Mənəvi köməklik deyəndə nəyi nəzərdə tutursuz” deyə soruşuram, deyirlər ki, uşağı pulsuz xəstəxanada müayinədən keçirə bilərik. Onsuz da uşağı xəstəxanada pulsuz müayinədən keçirirəm də, mənə maddi köməklik lazımdır. 

Çoxsaylı müraciətlərimdən sonra dedilər ki, mənə kimsəsiz uşaqlar üçün tikilən binadan ev veriləcək. Lakin keçən dəfə də bina tikildi, paylanıldı, amma mənə yardım edən olmadı. Bəhanə etdilər ki, "sən xəstəsən, hər an bir hadisə baş verə bilər, qorxuruq, biz cavabdeh deyilik”. Dedim ki, "mən dəli deyiləm, özümü uşağımı idarə edə bilirəm”. İndi də söz veriblər ki, bir neçə aya mənə ev veriləcək. 

Bildiyiniz kimi, epilepsiya xəstəsiyəm. Heç kəs mənə iş vermir, çünki üzümə baxan kimi xəstə olduğum bilinir. Görürəm ki, hökumətdən də mənə bir yardım edilməyəcək. Ona görə üzümü xeyirxah insanlara tutub xahiş edirəm ki, mənə və körpəmə yaşamağa yardım edin. Ev verilsə birtəhər uşağa baxacam. Amma o vaxtadək yaşamaq üçün bizə maddi köməklik, qida, çörək lazımdır. Buna qədər xeyirxah insanlar bizə çox köməklik edib, onların hər birinə təşəkkür deyirəm. Xeyirxah insanlardan bir daha xahiş edirəm ki, Allah xatirinə, mənə və körpəmə köməklik edin. Övladımdan başqa bir kimsəm yoxdur”.

Xatırladaq ki, Həsənova Simuzər Hüseyn qızı 10 yaşından 7 saylı uşaq evində böyüyüb, 2-ci qrup əlildir, epilepsiya xəstəliyindən əziyyət çəkir. Yetkinlik yaşına çatanda ailə qurub, lakin xəstəliyi ilə bağlı ailə həyatı davam etməyib. 

Hazırda körpə övladı ilə birlikdə tənha yaşayır. Yardıma ehtiyacı olan bu tənha anaya və onun 3 yaşlı körpəsinə köməklik göstərmək istəyən şəxslər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər: (055) 994-16-46.
 
BAKU.WS