VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi"ndə ailə quran gənc üçün toy mərasimi təşkil olunub.
 
BAKU.WS məlumat verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərdən İsayev Ümid Aydın oğlunun ailə qurması ilə əlaqədar onun üçün toy mərasimi təşkil edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan şəxslərə diqqət və qayğısının valideyn himayəsindən məhrum gəncləri də əhatə etdiyi vurğulanıb. Həmin gənclərin etibarlı sosial müdafiəsi və rifah halının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs olunub. 

Tədbirdə çıxış edən "Məzun evi"nin sakinləri valideyn himayəsindən məhrum gənclərin müasir tələblərə cavab verən mənzillərlə təmin edilmələrinə, onların yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar göstərilən bu böyük diqqət və qayğını daim ölkəmizə layiq insanlar kimi yaşayıb çalışmaqla doğrulmaq əzmində olduqlarını vurğulayıblar. Toy mərasimində iştirak edənlər yeni qurulan ailəyə xoş arzularını ifadə edib, sevinclərini bölüşüblər. 

Dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşayış sahəsi ilə təmin olunması işlərinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb. Bu məqsədlə Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib. 

Yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərir. Dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları burada lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillərlə təmin ediliblər. Hər bir məzuna bir mənzil verilib. Müəssisənin Nizamnaməsinə görə, gənclər evli olduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüququna malikdirlər və binada mənzillə təmin olunan gənclərdən bir qismi də buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Hazırda yaşayış binasında yaşayan gənclərdən 37-si ailəlidir və həmin ailələrdə ümumilikdə 38 uşaq var. 

Müəssisədə kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar, internet zalları, camaşırxana və s. fəaliyyət göstərir ki, onlarda elə məzunların özləri olmaqla, 35 məzun işlə təmin edilib. Həmçinin müəssisədə 10 ştat vahidi var ki, onlarda da məzunlar özləri işləyirlər. Bəzi məzunlar artıq ali təhsillidirlər və ixtisasları üzrə də işləyirlər. Digər məzunlardan da bir çoxunun ayrı-ayrı müəssisələrdə məşğulluğu təmin olunub.