SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq uşaqların üzləşdiyi bədbəxt hadisələrlə bağlı birgə məlumat yayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.
 
Belə ki, mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb.
 
Aidiyyəti rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanıb və istintaq aparılır.
 
"Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edirik", - məlumatda bildirilir.
 
BAKU.WS