SİZİN REKLAM BURADA!
055 213 76 73


İstər böyük, istərsə də kiçik məişət texnikası alarkən alışın geri qaytarılacağı ehtimalını nəzərə alaraq kassir qəbzini mütləq şəkildə saxlayırıq.

Ancaq pərakəndə mağazalarda gündəlik alış-veriş zamanı, yaxud kafe və restoranlarda ödəniş edərkən, adətən qəbzləri lazımsız kağız parçası kimi atırıq və ya kassirdən bunu istəməyə utanırıq.

Amma əbəs yerə, çünki kassa çekindən istifadə edərək, ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini qaytarmaqla onun üzərində keşbək həyata keçirmək olar, əlbəttə ki, əgər satıcı ƏDV ödəyicisidirsə.

“ƏDV geri al” proqramı çərçivəsində ƏDV-nin bir hissəsinin qaytarılması isə çox asandır.

BAKU.WS “oxu.az”a istinadən ƏDV-nin bir hissəsini necə qaytara bilinəcəyini təqdim edirik: - Bunu etmək asan və sadədir, heç yerə getməyə ehtiyac yoxdur.

İlk növbədə, www.edvgerial.az portalında qeydiyyatdan keçmək və aşağıdakı məlumatları - şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FIN), doğum tarixini və mobil telefon nömrəsini daxil etmək lazımdır, bundan sonra istifadəçinin şəxsi elektron hesabı və virtual “pul cüzdanı” yaranacaq.

Analoji proseduru belə bir seçim təklif edən yerli bank və ya mobil ödəniş proqramlarında “ƏDV geri al” hesabını qeydiyyatdan keçirməklə etmək mümkündür. Portalda yaşı 16 və daha yuxarı olan şəxslər qeydiyyatdan keçə bilər.

Odur ki, mağazalara alış-verişə və ya restorana gedərkən bu obyektlərin “ƏDV geri al” proqramının üzvü olduğuna əmin olun.

Giriş qapısında “ƏDV geri al” stikeri ziyarətçiyə həmin sahibkarlıq subyektinin proqramın iştirakçısı olduğunu bildirir.

Bununla belə, bütün iştirakçıların stikerinin olmaya biləcəyini nəzərə alaraq, ƏDV-nin geri qaytarılmasının mümkünlüyü ilə maraqlanmaq da olar.

Digər vacib şərt pərakəndə və ya iaşə obyektində qəbzi onlayn qeydiyyatdan keçirən, həmçinin 7 gün ərzində aparılan əməliyyatlar haqqında məlumat saxlaya bilən yeni nəsil nəzarət-kassa aparatının olmasıdır.

Belə ki, keşbək almaq üçün istehlakçı şüurlu şəkildə öz seçimini “ƏDV geri al” proqramının üzvü olan ƏDV ödəyicisinin xeyrinə etməlidir.

Bundan əlavə, istehlakçı kassir çeki almaq hüququnu müdafiə etməyi öyrənməlidir, çünki çeklə nəinki ödənilmiş ƏDV-nin bir hissəsini qaytarmaq, həm də bəzi istisnalarla malı 14 gün ərzində qaytarmaq olar.

Çekin nəzarət-kassa aparatından alındığı tarixdən 90 gün müddətində çekin 12 rəqəmli fiskal identifikatoru www.edvgerial.az portalında elektron kabinetə daxil edilməlidir. Mobil proqramların istifadəçiləri çekin sonunda yerləşən QR kodu skan etməklə çeki asanlıqla qeydiyyatdan keçirə bilərlər. ƏDV-nin qaytarılması sorğusu avtomatik olaraq elektron kabinetdə əks olunacaq.

Bundan əlavə, “ƏDV geri al” proqramı ölkədə nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır, çünki nağdsız ödəniş zamanı ƏDV-nin qaytarılması məbləği 15 faiz, nağd ödənişdə isə 10 faiz təşkil edir.

Bu isə o deməkdir ki, bank kartı istifadəçilərinin “ƏDV geri al” stikeri olan obyektlərin xidmətlərindən istifadə etməsi sərfəlidir.

Alınan keşbək şəxsi “elektron pul kisəsi”nə köçürülür. Oradan isə vəsaiti ödəniş kartına köçürə və ya lazımi ödənişləri edə bilərsiniz, məsələn, mobil zənglər, sığorta haqları, kommunal xidmətlər və ya cərimənin ödənilməsi üçün hesab ödəyə bilərsiniz.

Bir sentyabr 2021-ci il tarixinə www.edvgerial.az portalında 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

1,5 il ərzində 296,85 milyondan artıq qeydiyyatlı çek üzrə istehlakçıya 119,66 milyon manatdan artıq vəsait qaytarılıb.

Bu proqram ölkədə nəinki nağdsız əməliyyatların sayının artmasına, həm də milli iqtisadiyyatın şəffaflaşmasına ciddi töhfə verir.

Proqramın hər bir istifadəçisi iqtisadi proseslərin şəffaflaşmasına və qanunauyğunluğunun təmin edilməsindəki ümumi işə öz töhfəsini verir.

Axı biz nəzarət-kassa aparatlarının istifadə edilmədiyi pərakəndə satış məntəqələrində ödəniş etməklə nağd pulun kölgə dövriyyəsini və vergidən yayınma hallarını dəstəkləmiş oluruq.

Yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasında məqsəd məlumatların çekdən vergi xidmətinin məlumat bazasına real vaxt rejimində ötürülməsini təmin etməklə, kassa əməliyyatlarının düzgün uçotunun aparılması və vergi yoxlamalarının sayını azaltmaqdır.

Sahibkarların nəzərinə çatdıraq ki, vergi ödəyicisinin kassa aparatının alışı və quraşdırılması ilə bağlı xərclərinin təqdim etdiyi faktura əsasında 350 manat həcmindəki hissəsi vergi öhdəlikləri əvəz edilir.

Elektron nəzarət-kassa aparatları barədə, onların üstünlükləri və sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq elektron nəzarət-kassa aparatlarının növləri ilə www.e-kassa.gov.az internet saytından tanış olmaq olar.

BAKU.WS