SİZİN REKLAM BURADA!
055 213 76 73


Narkotik rəngsiz bir həyatdır, hətta gülün-çiçəyin rəngini belə görə, onun xoş ətrini hiss edə bilmirsən. Narkomanlar üçün gecə ilə gündüzün fərqi ancaq birinin qaranlıq olması ilə bitir.

Onları ani həzzin qurbanları da adlandırmaq olar. Düşüncəsizlik, mənən boşluq, təklik, özünəqapanma, özünü cəmiyyətə yad hissetmə, özünüifadədə problem yaşayanlar, yaşamaq üçün heç bir məna tapa bilməyənlərin getdiyi yoldur bu yol. Bir çoxları üçün geriyə dönüşün olmadığı bir yoldur bu yol. Söhbət "ağ ölüm" adlandırdığımız narkotiklərdən gedir.

BAKU.WS xəbər verir ki, "Sputnik Azərbaycan" "Narkotikə yox deyək!" şüarı ilə yola çıxıb daha bir "qəhrəman"ın acı dolu həyat hekayəsini dinləyib.

Mərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzinin 22 pasiyentindən biri olan 50 yaşlı Fərhad Sadiq 17 yaşından bu bəlaya düçar olub. Artıq 33 ildir ki, narkotik istifadəçisi olan F.Sadiq deyir ki, yaşadığı əzablı həyat onu bu yola atıb. Uşaqlıqdan atasız böyüyən həmsöhbətimiz ana qayğısından erkən məhrum olub.

"Anam ruhi xəstə idi. 9 yaşımda atam dünyasını dəyişdiyindən ailəni saxlamaq üçün elə uşaq ikən işləməyə başladım, pul qazanırdım. Ailəni saxlamaq üçün, demək olar, bütün ağır işlərdə işləmişəm. Amma nə olsun, cəmiyyət məni ağ günə çıxmağa qoymadı", - deyə F.Sadiq bildirir.

Azərbaycan Dövlət Neft Akademiyasını bitirən Fərhad Sadiq deyir ki, həyat, cəmiyyət ona ayağa qalxmağa imkan verməyib. Ayağa qalxmaq istəyəndə hər dəfə arxadan vuranlar olub.

"Narkotiki tərgidib normal həyata qayıdanda da məni incidiblər, narkoman olduğumu bilib işdən uzaqlaşdırıblar. Artıq onda başa düşürdüm ki, mən bu cəmiyyət üçün yararsızam. O vaxt 43 yaşım var idi, kursda rus dili müəllimi işləyirdim. Ətrafıma baxırdım ki, bütün müəllimlər normaldır. Çalışırdım ki, mən də onlar kimi olum. Nəticə nə oldu? Narkotiki tərgitmək istəyirdim ki, gördüm tələbələrim azaldı, direktor mənim üçün müxtəlif maneələr yaradırdı. Bir sözlə, onlar üçün lazımsız birinə çevrildim", - deyə həmsöhbətimiz şikayətlənir.

Narkotik rəngsiz bir həyatdır, hətta gülün-çiçəyin rəngini belə görə, onun xoş ətrini hiss edə bilmirsən. Narkomanlar üçün gecə ilə gündüzün fərqi ancaq birinin qaranlıq olması ilə bitir. Narkotikə düçar olan şəxslərin dediyi kimi, onlar quşların səsini eşidə, yağışın şırıltısından, o həzin damcılarından zövq belə ala bilmirlər. Arzusuz, istəksiz və hədəflərsiz bir həyat yaşayırlar. Düşündükləri isə yalnız narkotik olur. Geridə isə böyük bir uçurum yaradırlar. Dönüb geri baxmaq istədikdə arxalarında bir boşluq görürlər. Artıq kimsə onlara əl uzatmır, hər kəs bacardığı qədər yolunu Fərhadlardan, Fərhad kimilərdən uzaq salmaq istəyir.

17 yaşında ikən qohumu ona narkotik verir və beləcə onu sağalmaz bəlaya düçar edir.

"Cavanlıqda narkotik asılılığım yox idi, həm də o zamanlar narkotiklər heç indiki keyfiyyətdə də deyildi. Bir sözlə, narkotik istifadə etsəm də, cavanlığımda istədiyim hər şeyə nail olurdum. Lakin son 10 ildə həyatım cəhənnəmə çevrildi. Anam xəstə idi. Anam, qardaşım mənlə qalırdı. Kirayə pulundan tutmuş kommunal xərclər, yeməyədək hər şeyi mən həll edirdim. Amma nə olsun, həyatım boyu bu adamlardan nə çox sağ ol eşitdim, nə də ki, xoş bir şey gördüm. Onlara çörək verirdim, məni söyüb təhqir edirdilər. Qonşu-qohum da bizə quyu qazırdı. Çalışırdılar ki, evimizi də əlimizdən alsınlar və sonda buna da nail ola bildilər", - deyə F.Sadiq vurğulayır.

Bəzən narkotik istifadəçilərinin ailə üzvləri, yaxınları, tanışları nikaha daxil olmağı çıxış yolu bilirlər. Düşünürlər ki, bəlkə, ailə həyatı qursa, hər şey müsbətə dorğu dəyişər. Fərhad da belələrindəndir. O, həyatına bir məna qatmaq üçün 45 yaşında ailə həyatı qursa da, hər şey heç də gözlədiyi, arzuladığı kimi olmayıb.

"Həyat yoldaşım da ailə qurmazdan öncə məndə narkotik asılılığının olduğunu bilirdi. Özümdən 5 yaş kiçik qadınla ailə qurdum, qızım dünyaya gəldi. Problemlər yaxamdan əl çəkmədi, daha da artdı. Heç kəs çağırıb demədi ki, gəl sənə bir iş verim. Rəsmən boşanmasaq da, bir yerdə yaşamırıq, alınmır. Qızımı çox sevirəm, amma o mənə soyuq yanaşır. Sən demə, yoldaşımın bu həyatda öz məqsədi varmış və buna görə də mən artıq ona lazım deyiləm", - deyə o köks ötürərək əlavə edir.

Digər narkotik istifadəçilərinin həyatı kimi onun da həyatı bir boşluqdan, əzabverici səssizlikdən ibarətdir. Dostun pisi olmur. Fərhad isə həyatda özünə bir dost da qazana bilməyib. Özü kimilər onu yalnız pulu olanda arayıb-axtarıb, yenidən uçuruma yuvarlayıblar.

"Narkoman dostlarım məni yoldan çıxarırdılar. Pulum olanda deyirdilər ki, gəl birgə vaxt keçirək. Pulum olanda onları heç öz evimdən qova da bimirdim. Gərək ki, qan düşəydi, yoxsa onlar evimdən çıxmırdılar. Pulum olmayanda isə heç biri itirib-axtarmırdı. Narkotik əldə etmək üçün artıq satmağa da nəsə tapa bilmirdim. Bilirsiniz, məndə vəziyyət necədir? Bir var ailən ola, sən kimdənsə pul alasan, bir də var ki, heç bu da olmaya. Ona görə narkotik tapmaq üçün maddi olaraq çox əziyyət çəkirdim", - deyə Fərhad bildirir.

Fərhad bu yolun yolçusu olduğu üçün çox peşman olduğunu desə də, yaşadığı bu həyata görə özünü günahkar bilmir...

Bəli, günahkar axtarmaq mübarizə aparmaqdan daha asandır, sanki bununla hər kəs özünə təsəlli verir...

Fərhad da narkotikdən əziyyət çəkən digər şəxslər kimi, xüsusən də yeniyetmə və gəncləri diqqətli olmağa, bu bəlaya düçar olmamağa səsləyir ki, bir müddətlik həzz onlarda asılılıq yaradaraq həyatlarını cəhənnəmə döndərməsin.

BAKU.WS