VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.

BAKU.WS bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways" ilə yanaşı, "Turkish Airlines", "Lufthansa", "Qatar Airways", "Aeroflot", "S7", "flyDubai" kimi iri aviaşirkətlər, habelə "Pegasus", "SkyUp Airlines" kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və yaxud uçuş icra etməyə hazırlaşırlar.

Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL doqquz istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24%-i).

Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər). Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür.

Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilmişdir. Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul (Turkish Airlines) və Moskva (Utair), Gəncə hava limanından İstanbul (Turkish Airlines), Moskva və Sankt-Peterburq (Ural Airlines), Lənkəran hava limanından Moskva (Ural Airlines və Nordwind) və Sankt-Peterburq (Nordwind) istiqamətlərində birbaşa uçuşlar icra edilir.

COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi.

2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunur.

Həmin azadlıq dərəcələri bütün xarici aviaşirkətlərə Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir.

COVID-19 pandemiyasından əvvəl Azərbaycanın hava limanlarında illik sərnişin axını təxminən 5 milyon nəfər təşkil edirdi.

Heydər Əliyev Beynəlxalq Aeroportu bir neçə dəfə "MDB-nin ən yaxşı hava limanı" adına layiq görülüb, 2021-ci ildə isə "Skytrax" audit şirkəti paytaxtın hava limanını COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduz" reytinqi ilə təltif edib.

BAKU.WS