VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il yay mövsümündə pandemiya səbəbindən ölkədən kənarda dincələ bilməyənlər bu il onun əvəzini çıxarmağa çalışırlar.

Artıq Azərbaycanda olduğu kimi, bir çox ölkələrdə də karantin qaydalarında yumşalmalara gedilib, bəzi ölkələr səyahətə gəlmək istəyənlər üçün hava sərhədlərini açıblar. Lakin hələ də sosial şəbəkələrdə xarici ölkələrə giriş-çıxış qaydaları müzakirə olunur. Səyahət qruplarında Türkiyəyə COVID-19 pasportu olanlara giriş şərtlərindəki güzəştlərdən aviadaşıyıcıların məlumatsız olduğu qeyd olunur. Feysbuk izləyiciləri yazırlar ki, "Buta Airways"dən onlara COVID-19 pasportunun olub-olmamasından asılı olmayaraq PCR testi tələb ediləcəyi bildirilib.

Milli.Az bildirir ki, qafqazinfo azərbaycanlıların istirahət üçün ən çox Türkiyə və Gürcüstana üz tutduqlarını nəzərə alaraq bu ölkəyə səyahət şərtlərini bir daha araşdırıb.

Hava yolu ilə qonşu Türkiyəyə səyahət etmək istəyənlər üçün 1 iyun tarixindən etibarən yeni giriş qaydaları müəyyən edilib. Türk Hava Yollarının açıqladığı yeni qaydalara görə, COVID-19 pasportu olan şəxslərin əlavə xərc çəkib PCR testi vermələrinə ehtiyac yoxdur. Belə ki, onların ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair rəsmi qurumlar tərəfindən verilmiş sənədi təqdim etmələri kifayətdir. PCR test tələbi həmçinin 6 yaşdan kiçik sərnişinlər və ticarət donanmasının dənizçilərinə də aid deyil.

COVID-19 pasportu olmayan bütün əcnəbilər isə əvvəlki qaydada 72 saat əvvəl alınmış neqativ nəticəli PCR test və ya 48 saat ərzində alınmış neqativ nəticəli antitel test arayışı təqdim etməlidirlər. Qaydalarda həmçinin qeyd olunur ki, əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları Türkiyəyə giriş nöqtələrində PCR testi oluna bilərlər. Test nümunələri götürüldükdən sonra sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin COVID-19 təlimatına uyğun olaraq müalicə alacaqlar.

Türkiyəyə səyahət edən bütün sərnişinlər (https://register.health.gov.tr saytında) xüsusi giriş anketini doldurmalı, qeydiyyat və ya gəliş zamanı təqdim etməlidirlər. Anket doldurmaq tələbi Türkiyədən tranzit keçən və bu ölkənin sərhədini keçməyən sərnişinlər üçün məcburi deyil.

Bu qaydalar 8 dövlətin - Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri-Lanka vətəndaşları və ya bu ölkələrdən Türkiyəyə gələnlərə şamil edilmir. Sadalanan 8 ölkənin vətəndaşları Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər. Bununla yanaşı, sözügedən ölkələrdən gələn şəxslər yerli rəhbərliklər tərəfindən təyin ediləcək yerlərdə 14 günlük karantinə alınacaq.

Gürcüstana səyahətə gəlincə, COVID-19 pasportu olanlara da bu ölkəyə girişdə güzəşt edilir. Belə ki, vaksin pasportu olanların PCR test arayışı təqdim etmələrinə ehtiyac yoxdur. Gürcüstana səfər qaydalarına görə, istənilən ölkədən hava nəqliyyatı ilə bu ölkəyə daxil olan şəxslər sərhəd-buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin iki doza vurulmasını təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə, Gürcüstana daxil ola bilərlər. Lakin koronavirus əleyhinə peyvənd sertifikatı ingilis dilində olmalıdır.

Azərbaycan da daxil olmaqla, Türkiyə, Özbəkistan, Avstriya, Bəhreyn, Belçika və digər adı siyahıda olan ölkələrin vətəndaşları və orada yaşayış icazəsi olanlar Gürcüstana daxil olmaq üçün məcburi onlayn formanı doldurmalıdılar:

https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/ 

Qeydiyyatdan keçdikdən sonra gediş məntəqəsində uçuşa qeydiyyatdan keçərkən göstərilməli olan təsdiqləmə nömrəsi veriləcək. Vaksinasiyadan tam keçmiş sərnişinlər üçün bu formanın doldurulması vacib deyil.

Peyvənd olunmamış sərnişinlər üçün şərtlər isə belədir:

Əcnəbilər Gürcüstana səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışını Gürcüstanın sərhəd buraxılış məntəqəsində təqdim etməlidirlər. PCR testinin arayışı ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər. Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər. Dövlət sərhədini keçməzdən əvvəl son 14 gün ərzində səyahət tarixçəsini, əlaqə məlumatlarını (ünvan, telefon nömrəsi, elektron poçt və s.) göstərməklə xüsusi anket formasını doldurmalıdırlar.

Gürcüstana getmək istəyən Gürcüstan vətəndaşları isə sərhəddə PCR testini təsdiqləyən sənədi təqdim etmədiyi təqdirdə 8 gün özünütəcridə alınacaq və ya təcrid olunması mümkün deyilsə, məcburi karantinə yerləşdiriləcək.

Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər əraziyə girişdən sonra 12 gün müddətinə məcburi karantinə yerləşdiriləcək. Bu halda sərhəddə PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR müayinəsindən keçməkdən azad olunacaqlar.

Gürcüstandan Azərbaycana "AZAL" və "Buta Airways" aviaşirkətlərinin reysləri ilə uçarkən "Synevo" laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya üzərində QR-kodu olan PCR testinin neqativ nəticəsi haqqında arayış təqdim edilməlidir.

Mövzu ilə bağlı "Buta Airways"in qaynar xətti ilə də əlaqə saxladıq. Aviaşirkətdən də saytımıza bildirildi ki, həm Gürcüstan, həm də Türkiyəyə uçan və COVID-19 pasportu olan şəxslərin PCR test arayışı təqdim etməsinə ehtiyac yoxdur. Bu şəxslər yalnız iki doza vaksinasiyadan keçmələrini əks etdirən sənədi təqdim etməklə qonşu ölkələrə səfər edə bilərlər.

Xatırladaq ki, bu qaydalar vətəndaşların Azərbaycana qayıtması üçün keçərli deyil. Azərbaycana giriş qaydalarına görə, Azərbaycan vətəndaşları, həmçinin Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.

BAKU.WS