SİZİN REKLAM BURADA!
055 213 76 73


Yay mövsümünün gəlişi ilə əlaqədar bina və həyət evlərini təmir etdirmək istəyən insanların sayı artıb. Bu artım isə tikinti və təmir materiallarının qiymətinin artmasına birbaşa təsir edib. Hazırda inşaat materiallarının qiymətində 30%-ə qədər bahalaşma müşahidə edilir.

Tikinti materiallarında nəzərə çarpacaq dərəcədə bahalaşmanın olması daşınmaz əmlak sektorunda da qiymət artımı yaradıb.

Bu haqda BAKU.WS-ə danışan əmlak üzrə ekspert Elnur Azadov əmlak bazarındakı artımın iki səbəbdən baş verdiyini bildirib:

“Birinci amil Qarabağda aparılan tikinti bərpa işləri nəticəsində inşaat materiallarının bahalaşmasıdır. İkinci amil isə inşaat şirkətlərinin qanunvericilikdə nəzərdə tutulan vergi öhdəlikləri ilə bağlı müəyyən dəyişiklilər olduğu üçün xərcləri rəsmi göstərmək məcburiyyətində qalmasıdır.

Bu baxımdan artıq şirkətlər inşaat materiallarının nəğd pula köçürülməsi yolu ilə alışına başlayıblar. Vergi və müəyyən xərclər meydana gəldiyi üçün tikintiyə yeni başlayan şirkətlər layihələrini təxminən 15-20 faiz daha yüksək ilkin qiymətlə bazara təklif edirlər. Köhnə binalarda isə qiyməti olduğu kimi qalıb”.

Ekspert qeyd edib ki, tikinti materiallarının bina evlərinin hazırkı qiymətinə təsiri fərqli qiymət tendensiyası ilə müşahidə olunur: “Bu təsir daha çox şəhərin mərkəzi hissələrində hiss olunur. Burada evlərin bir kvadratmetri 2600 AZN-dən başlayır. Bu qiymət 10000 AZN-ə qədər arta bilər.

Mərkəzi hissənin ətrafındakı evlərin bir kvadratmetri isə 1700-1800 AZN-dən başlayraq 3500 AZN-ə qədər dəyişir. Şəhər ətrafında ən ucuz evlərin 1 kvadratmetri minimum 550 AZN təşkil edir. Bundan ucuz ev isə satışda yoxdur”.

“Fərdi evlərdə isə qiymət tendensiyası bir qədər fərqlidir. Belə ki, tikinti zamanı torpağı və tikilişi ucuz başa gələn mənzillərin satışı da ucuz qiymətlərə təklif edilir.

Lakin yeni layihədirsə və hazırkı qiymət artımı ərəfəsində tikilibsə, bu zaman qiymət artımı baş verir. Eyni situasiya köhnə və yeni tikililərdə də baş verir.

Belə köhnə tikililərin qiyməti yeni tikililərlə müqayisədə 15-20 faiz daha ucuzdur. Həyət evlərinin kvadratmetri isə torpağın yerindən, tikilişindən və həyət sahəsinin olub-olmamasında asılı olaraq dəyişir.

Şəhərin mərkəzi hissəsinə yaxın yerlərdə fərdi evlərin 1 kvadratmetri 700 AZN-dən 10 000 AZN-ə qədərdir. Şəhər ətrafı ərazilərdə isə fərdi mənzillərin 1 kvadratmetri 600 AZN-dən başlayan qiymətlə təklif edilir”.

Yay mövsümündə tikinti şirkətləri evlərin qiymətini artırmır. Tələbat azalsa da, qiymətdə dəyişiklik olmur. Bağ mövsümü olduğundan həyət evlərinin qiymətində nisbətən artım olur.

Elnur Azadovun sözlərinə görə, növbəti aylarda evlərin qiymətində ciddi artım gözlənilmir. Bu il karantin qaydalarına edilən yumşaldılmalar bir çox sahələrin fəaliyyətini canlandırdığından sadəcə mövsümi bahalaşma yaşanacaq ki, bu, elə də böyük rəqəm deyil.

Qeyd edək ki, inşaat materiallarının qiymətindəki ən yüksək artım sonuncu dəfə 2006-2007-ci illərdə meydana gəlib. Həmin vaxt ən çox bahalaşma armaturun qiymətində müşahidə edilib - təxminən 20-25%.

BAKU.WS