SİZİN REKLAM BURADA!
055 213 76 73


İl ərzində Azərbaycanda ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına da yol verilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının illik hesabatında qeyd olunub.

Hesabata əsasən, yayımçılar əsasən aşağıdakı qanunvericilik aktlarını və onların müddəalarını pozublar:

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsi (reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz);

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.12-ci maddəsi (Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır);

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 40.2.1-1-ci maddə (Azərbaycan Respublikasının Dövlət Himnini hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək);

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsi (televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır);

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsi (sponsor reklamında "sponsor" sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir);

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü maddəsi (radio, televiziya proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması);

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.5-ci maddəsi (əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya);

Ümumilikdə, aparılmış monitorinqlər göstərmişdir ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci ilin ikinci yarısında televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib.

BAKU.WS