SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Televiziyasında verilişə ekspert kimi dəvət olunan xanım baş örtüyünə görə efirə buraxılmayıb. 
 
BAKU.WS məlumat verir ki, bu haqda Facebook sosial şəbəkəsində Murad Malik adlı istifadəçi yazıb. O bildirib ki, bacısı ekspert kimi dəvət olunduğu Aztv kanalında yayımlanan "MAG" verilişində baş örtüyünə görə iştirakından imtina edilib:
 
"Şəkildə gördüyünüz hicablı xanım doğma bacım Aidə, Azərbaycan Turizm institunun ilk məzunlarındandır. Böyük əmək haqqından və karyera yüksəlişindən imtina edərək ölkəmizdə heç də dəyər verilməyən amma özünün çox sevdiyi turizm sahəsinə üz tutdu. Bu günə qədər də mədəni və tarixi irsimizin xaricdə və xarici vətəndaşlar arasında tanıdılmasında bir çox ciddi işlər görmüş, bu sahədə bir neçə beynəlxalq tədbirlərin təşkilatçısı olmuşdur. (İtaliyada və Türkiyədə bir sıra beynəlxalq tədbirlərdə məruzəçi qismində iştirak edib). Hətta Gənclər fondu tərəfindən bir neçə dəfə mədəni tarixi irsin tanıdılması istiqamətində tədbirə dəstək də alıb.

Bir neçə gün öncə təşkilatlarına zəng vuraraq Aztv-də MAG verilişində gənclərin bu sahədəki təcrübələrindən danışılması üçün qonaq dəvət ediblər. Bu gün çəkilişdən öncə bildiriblər ki, 'xanım yuxarıdan göstəriş var, hicablıları bizim kanaldakı verilişlərdə qonaq kimi iştirak edə bilməz. Bəli, hicablılara olmazmış dostlar. Multikultralizm ilində, rəsmi dininin İslam olduğu ölkədə, dövlət büdcəsindən xarici dini obyektlərə milyonlar xərcləndiyi zamanda hicablı gənc xanım efirdə göstərilməməli imiş".
 
Məsələ ilə bağlı BAKU.WS Aztv kanalının mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ilə əlaqə saxlayıb. Xatirə Qasımova bildirib ki, qadağanı Aztv kanalı qoymayıb:
 
"Aztv kanalında baş örtüyü ilə bağlı efir qadağası yoxdur. "MAG" verilişi prodakşın məhsuludur. Prodakşın verilişi hazır etdikdən sonra bizə göndərir və bundan sonra veriliş yayımlanır. Xanımın verilişdə iştirakına qadağa qoyulması tamamilə prodakşının daxili siyasətidir, Aztv ilə əlaqəsi yoxdur".
 
Ayşən Ayxan
BAKU.WS