VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Mərhum eks-prezident Əbülfəz Elçibəyin silahı haqda olan məlumat ictimaiyyətin marağına səbəb olub. 

Belə ki, eks-prezidentin qardaşı Almurad Əliyev onun əşyaları haqda "Yeni Müsavat”a açıqlama verərkən silahından da söz açması bu məsələni gündəmə gətirib. 

Onun "Həm prezidentlikdən əvvəl, həm də ondan sonra da daim qorumada olan liderin silah gəzdirməsinə nə ehtiyac var?” deməsi suallar doğurub. Məsələni yaxından araşdırmaq üçün mərhum Əbülfəz Elçibəyin uzun müddət köməkçisi olmuş Oqtay Qasımova müraciət etdik. 

Oqtay Qasımova liderin silahı barədə musavat.com-a maraqlı faktlar açıqladı: "Təbii ki, Əbülfəz bəydə silah var idisə, deməli, bu, qanuni bir silah olmalı idi. Amma Almurad bəyin dediyi həmin silahın harada saxlanılmasından doğrusu, mənim xəbərim yoxdur. Bildiyim qədər o zaman kənddə Əbülfəz bəyə hədiyyə olunmuş silah var idi. Amma doğrusu, indi həmin silahın yenə kənddə və ya Bakıda olduğunu bilmirəm. Mənim gördüyüm uzun lüləli ov silahı idi. Lakin bilmirdim ki, həmin silah Əbülfəz bəyin öz adına idi, ya yox... Amma bildiyim qədər ona hədiyyə olunmuşdu və sənədi var idi. Bu, üstündə binokl olan ov silahı, tüfəng idi. Doğrusu, onu bir dəfə ovda olanda mən götürdüm. Xoşbəxtlikdən heç nə də vurmadıq”.

Oqtay Qasımov Əbülfəz Elçibəyin digər əşyaları haqda da danışıb: "Əbülfəz bəy prezidentlik dövründə ona verilən hədiyyələrin hamısını o zaman dövlət hesabına keçirmişdi. Yalnız bir dəfə yaxın silahdaşlarının birinin verdiyi saatı qəbul edib. Qızıl və yaxud digər əşyaları yox idi. O, hədiyyə qəbul etməyi də xoşlamırdı. Hədiyyəni də ən yaxın dostlarından qəbul edərdi. Həmin hədiyyələrin də xüsusi maddi dəyəri olmazdı”.
 
BAKU.WS