VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
13 aprel 2016-cı il tarixdə "Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

BAKU.WS AzNews.az-a istinadən məlumat verir ki, iclasda Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasında işlərin sona çatdırılılaraq sakinlərin istifadəsinə verilməsinə başlanıldığı, həmçinin H.Əliyev prospekti 64 və K.Rəhimov küçəsi 3A ünvanlarda orijinal layihə əsasında inşa edilmiş yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.

Rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, birinci növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təklifləri nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanıldığı, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığı qeyd edilib.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq 3 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilməsi qərara alındığı, sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyi, bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin, əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağı, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcəyi vurğulanaraq, hazırda digər ünvanlarda da həmin işlərin davam etdirilməsi məqsədilə tikinti şirkətləri ilə gündəlik görüşlərin keçirildiyi əlavə olunub.

Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 730 daimi iş yerinin yaradıldığı, əhalinin məşğulluğunun təmin edilməsi barədə verilmiş tapşırığa uyğun olaraq abadlıq və yaşıllaşdırma işlərinə 250 nəfərin cəlb edildiyi və binaların təmiri ilə bağlı 240 nəfərlik iş yerinin yaradıldığı xatırlanaraq, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi deyilib.

Rayon əhalisinin və rayon ərazisində fəaliyyət göstərən sahibkarları və iş adamlarını narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həll olunması məqsədilə Rayon İcra Hakimiyyətinin nəzdində 16-43 nömrəli "Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyi, həmçinin Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının sərəncamından, əmrindən, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxan kollegial orqan olan 9 nəfərdən ibarət Apelliyasiya Şurasının yaradıldığı vurğulanıb.

Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 488 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 6 səyyar görüş və qəbullar zamanı edilən 62 müraciətdən 59-nun öz müsbət həllini tapdığı, 3-nün isə nəzarətə götürüldüyü nəzərə çatdırılıb.
 
BAKU.WS