SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Eldar Qasımov Qazaxıstanın Almatı şəhərində təşkil olunan Novruz bayramı konsertində xüsusi qonaq qismində çıxış edib.

BAKU.WS xəbər verir ki, 21-24 mart tarixlərində keçirilən tədbirdə E. Qasımov Azərbaycanı təmsil edən yeganə sənətçi olub.

İfaçı sözügedən tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşüb. E. Qasımovun sözlərinə görə, onun bayram konsertində ifa etdiyi “Novruz gəlir, yaz gəlir” mahnısı böyük maraqla qarşılanıb:

“Martın 22-si Almatının "Astana" meydanında təntənəli bayram konserti təşkil olunmuşdu. Tədbirdə Almatının icra başçısı və digər dövlət xadimləri iştirak edirdi. 24 rəqqasənin müşayiəti ilə ifa etdiyim "Novruz gəlir, yaz gəlir" mahnısı çox böyük marağa səbəb oldu. İlk çıxışım səhər saatlarında olsa da, axşam məndən bir daha həmin mahnını oxumağımı xahiş etdilər. Almatı izləyicisi mahnını bəyənmişdi. Çox güman ki, onlar bunu ilk dəfə eşidirdilər”.


E. Qasımov onu da bildirib ki, sözügedən mahnını orada ifa etməklə ikiqat sevinc yaşayıb.

““Novruz gəlir, yaz gəlir”i orada oxuduğuma görə çox xoşbəxt idim. Belə ki, musiqisi Cavanşir Quliyevə, sözləri Ramiz Rövşənə aid olan mahnının bu il 30 yaşı tamam olur. Digər tərəfdən isə böyük Astana meydanında Azərbaycanın milli geyimində doğma dilimdə mahnı ifa etməklə qürur hissi keçirirdim” – deyə, Qasımov açıqayıb.

Qeyd edək ki, Novruz bayramı Qazaxıstanda hər il yüksək səviyyədə qeyd olunur. Bu il təşkil olunan bayram tədbirləri tək Almatıda yox, həm də digər şəhərlərdə keçirilib.

Hüseyn Məmmədsalahov
BAKU.WS