SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS-in budəfəki müsahibi aktrisa, aparıcı Könül Yusifqızıdır.

- Yeriniz rahatdır?

- Bunu izləyənlər görsələr ki, bardaş qurmuşam, deyəcəklər: "Buna bax. Gəlib müsahibə verməyə, bardaş qurub oturub". Ay balam, burada nə var? Hansı qanunlar məcəlləsində yazılıb ki, insan müsahibə verəndə bardaş qurub otura bilməz?

- Sizə ən çox hansı sualı verirlər?

- Dodaqlarınız özünüzündür? Bax, sizə nə? Dodaqlarım özümündür, qonşunundur, sizə nə? Əgər mənim üzümdədirsə, özümündür də. O nə sualdır? Bilirsiniz, bizim cəmiyyətdə elə insanlar var ki, bir insanın fiziki qüsurunu üzünə çırpmaqdan utanmırlar. Amma o qədər ruhi xəstələr var ki... Bir də görürsən ki, fiziki qüsuru var, əlildir. Bu adama barmaqla göstərirlər. Uzaq gəzirlər. Niyə? O da bizim cəmiyyətin insanıdır, o da bizimdir. Ötən dəfə verilişlərin birində idik. Bir adam deyir ki, "Kora niyə qız verim ki? O, əlildir". Niyə verməyəsən ki? O, insan deyil? O sənin cəmiyyətinin insanı deyil? İndi də mən söz danışırımsa, mənim söhbətimdən danışın. Dodaqlarımdan sizə nə? Əgər sizin xoşunuza gəlmirsə, sizə xoş deyilsə, mənə baxmayın, izləməyin məni. Girib bütün yaradıcılığımı izləyirsiniz. Sonra da yazırsınız ki, "Dodaqlarınız özünüzündür?".



- Həyat prinsipiniz...

- Quyruğumu tapdalayan adamın təpəsinə çıxaram. Bu prinsiplə də gedirəm. Belə daha yaxşıdır. Bir insana həddən ziyada yaxşılıq edərsənsə, onunla yaxın olarsansa, o insan düşünür ki, ya məqsədyönlü edirsən, ya da ki, sən ona borclusan. Bizim cəmiyyətin bəzi insanlarında qəribə düşüncə var. Əlbəttə ki, hamıda yox. Ona görə də dəymə mənə, dəyməyim sənə. İşimdə olum da. Kimə nə edirəm ki?

- Tez-tez açıq-saçıq geyimlərinizlə gündəmə gəlirsiniz...

- Bax, bu gün sizin yanınıza gəlmişəm. Açıq-saçıq nəsə var? Bu, adi bir gündür. Montajdan gəlirəm. Vacib bir layihəmizin montajı idi. Birincisi, soyuqdur. Buzlayaram. İkincisi isə, bizim Bakımızın küçələrində yayın isti vaxtlarında Vallah bizdən açıq-saçıq geyinənlər var. Biz səhnə adamlarıyıq, toya gedirik. İstər-istəməz gecə geyimi bir az fərqli, açıq, gözəl olur. Hərdən gedib baxırıq ki, o toyda daha açıq-saçıq geyiniblər. Bu, normal bir şeydir. Səhnədə olan adam, çəkisinə uyğun olaraq, yaraşan hər bir şeyi geyinə bilər. Mən demişəm, indi də deyirəm. Hələ bu cəmiyyətin bəxti gətirib ki, bir az artıq çəkidəyəm (gülür-red.). Vallah. Mənim çəkim az olsa, "kupalnik"də də fotosessiya etdirərəm, yarıçılpaq da.

Şəxsi həyatımız gündəmə gəlir. Başqa sahədə işləyən adamların şəxsi həyatı yoxdurmu? Onlar açıq-saçıq geyinmirlər? Onlar şəxsi həyatda başqa kişi ilə görüşmürlər, sevgili olmurlar, yatıb-durmurlar? Əlbəttə ki, edirlər. Biz yazıqlar üzdəyik deyə, kənar sahələrdə olanların axşam arvad üzünə baxmadı, səhər durub bizi söyəcək. Axşam arvad ona çay vermədi, səhər durub bizi söyəcək. Biz aqressiyanın sonucuyuq. Hamı əsəbini yığıb-yığıb bizə deyir.

- Canlandırdığınız obrazlarınıza görə qınalınırsınızmı? 

- Yazırlar ki, "Bu, həyatda da belədir". Necədir? Sən məni həyatda tanıyırsan? Yox axı. Olmuşdu ki, birini "Facebook"da tapmışdım. Mənə nələr yazmammışdı... 5-6 qatlı söyüşlər... Tapıb ona yazdım. Yazdı ki, "Könül xanım, mən sizin fanatınızam. Mən sizi çox sevirəm". Yaxşı. O yazdığın nə idi? Bilirsiniz, bu gün bizim məmləkətdə filmdə açıq-saçıq, intim səhnələrə çəkilmək çox böyük riskdir. Xaricdə bu çox rahatdır. Əksinə, daha çox pul verirlər. İnsanlar həyatla filmi ayıra bilmirlər. Məsələn, hazırda çəkildiyim seriala görə mənə "Instagram"da yazılar ki, Könül xanım mənim solo konsertimə sponsorluq edin də. Adam ayıra bilmir ki, o, filmdir, bu, həyatdır. Belə olan halda, bu akyor, aktrisa nə etsin? Bu, bunun peşəsidir axı. "Dəli Kür" filminə baxaq. Cahandar ağa xalxın kəbinli arvadını götürüb qaçırır, gətirir özünə arvad edir. Bu, elə bizim qanımızda, genimizdə olub da. İndi nə dəyişib ki?


- Sonuncu verilişinizin bağlanması bir xeyli müzakirə olundu...

- Gecə verilişi idi. Orada bir az şok şeylər oldu. Əslində, oradakı geyimimdə qəbahətli bir şey yox idi. Lüt deyildim, "kupalnik"də deyildim. Veriliş gecə birin yarısı idi. Artıq 12-dən sonra olan verilişlər "+18"dir. Gecə kimin övladı durub 12-dən sonra televizora baxır? Heç kimin. Bir övlad məndə. Uşaq ən geci saat 10-11-də yatır. Bu, altıncı günlər ola bilər. Məktəb olmayanda. O geyimin belə böyük ajiotaj yaratmağı, belə hay-küyə səbəb olmağı, qovuldu və s. yazılması... Xeyr, belə şeylər olmamışdı. Jurnalist olaraq, yığın soruşun, sonra yazın. O açıq-saçıq söhbətlər olanda çox pis oldum. Baxmayın, mənim teatrda az-çox işlərim olub. Mənim seriallarım, verilişlərim olub. Bu barədə danışan olmayıb. Bir dənə kombinezon geyindim, bütün ölkə bir-birinə dəydi. Niyə? O kombinezonmu maraqlıdır bu camaata? Niyə? Arvadına, bacısına geyindirmişdilər? Mən geyinmişdim də paltarı. Mənim geyindiyim paltardan kimə nə? Efir. Bəli, efir gecə 1-in yarısıdır. Yenə də deyirəm, "+18"dir. İllər əvvəl gecəyarı bir veriliş gedirdi. Ona normal baxırdılar. Bəzi insanlarda deqradasiya gedir.

- Bir müddət əvvəl xəyanət edən həyat yoldaşının saçının kəsib videoya çəkən kişinin addımı birmənalı qarşılanmadı. Münasibətiniz...

- Mən, ümumiyyətlə, düşünürəm ki, bir insanı icazəsiz videoya çəkmək böyük cinayətdir. O, xəyanət edib, etməyib. Bilmirəm. Hər nə edib. Əvvəla, xəyanət edən bir qadını ərinin videoya çəkməyi artıq kişinin nakişiliyidir. Necə ola bilər ki, sən nakişicəsinə bunu çəkəsən və paylaşasan?. Bu, üz qarasıdır. Bunu boşa, apar qoy dədəsinin evinə. Çək, paylaş nədir? Ağlıma sığışdırmıram ki, bir insan bu şoku yaşasın... Elə bil ssenari qurublar. Rejissor mizanlar verib. Sən necə girəsən qadınını xəyanət başında görəsən, hər şey yaddan çıxa, video çəkəsən. Adam bir qışqırar, şapalaqlayar, özünü döyər. Video çəkmək haradan ağla gələ bilər? Vallah, yox. O halda video halında olmursan. "Affektnoye sostoyaniye" (состояние аффекта-red.) olur ki, adamın başının tükləri biz-biz durur. Göstəriş də verir. Yekə adamlarsınız. Bəyəm telefon, video, şəkil ona görə çıxıb ki, onu-bunu çəkib paylaşasan?

- Deputat olmaq istəyirsiniz? 

- Niyə deputat olmayım? Təki hər kəsin deputat olmağa şansı olsun. Burada nə var ki? Azad, demokratik bir ölkənin vətəndaşıyam. Mənim də bütünlüklə hüququm, haqqım var ki, namizədliyimi verim. Niyə də olmayım? Mən deputat olsam bir çox məmurlardan daha yaxşı işləyərəm. Elə məmurlarımız var ki, otaqda sadəcə çay, kofe içməklə məşğuldur. Heç insanlardan xəbəri yoxdur. Hamını vurğulamıram.

BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və Könül Yusifqızı

- Sizə təhqir yazan sosial şəbəkə istifadəçilərinə deyəcəkləriniz...

- Bu, onun əxlaqıdır, tərbiyəsidir. Bu, onun tərbiyəsizliyidir. O məni şəxsən tanımır. Mənim üzümün, gözümün, başımın, dalımın, ayağımının ona heç bir dəxli yoxdur. Mən aktrisayam. Bu gün yanağımı şişirdə bilərəm, sabah başımı. Mən azad aktrisayam. Heç bir teatra aidiyyatı olmayan, azad məmləkətin azad aktrisasıyam. İstəyərəm bax belə duraram, istəyərəm də uzanıb müsahibə verərəm. Bunun heç kimə aidiyyatı yoxdur. Azərbaycan qanunlar məcəlləsində yazılmayıb ki, aktrisa belə otura bilməz. Nəyə görə biz rahat ola bilmirik? Bir az rahat olaq. Özümüz üçün yaşamağı bacaraq. Bu gün mənə belə oturmaq xoşdursa, oturmuşam. Kimsə təhqir edirsə, əxlaqsız sözlər deyirsə, bu, onun tərbiyəsizliyi, əxlaqsızlığıdır. Demək, onlar elə evdə söyüşlə danışırlar. Ana-bacısını söyüşlə danışdırır. Gecələr arvadını evdə tapmayan adamlar hirslənib səhər söyüşlə bizimlə danışır, bizi təhqir edir. Nə "pritenziyan" varsa, evdəkinə de. Evdəkinə de ki, bardaş qurub oturma. Bax, mən baxdım. Könül oturmuşdu, xoşuma gəlmədi. Mənimlə nə işin? Bu həyatda yaşamaq o qədər gözəldir ki, elə xırda, cılız insanların sözü mənə təsir edə bilməz.

Dəfələrlə bunun şahidi olmuşam ki, canlı yayıma girdiyim yerlərdə düşmənlərimiz də olublar. Biz bunu təsdiqləmişik ki, bizim düşmənlərimizdir. Adlarını da çəkmək istəmirəm. Hansılar ki, hal-hazırda 20 faiz işğal olunmuş torpaqlarımızda gəzirlər. Şəxsiyyət vəsiqəsində "azərbaycanlı" yazılan bir qadına söyüş yazan azərbaycanlı kişiyə "arvad" deyirəm. Bir arvad haqda arvad danışa bilər və yaxud da mənfur dığalar. İndi buyursunlar. Bu sözü kim üstünə götürürsə, ürəyləri istədikləri qədər mənə yaza bilərlər.

Orada söyüş yazanlar kişi adı ilə oturan qadınlardı. Onlar evdə qayınana, ər, qayın tərəfindən zorakılıq görürlər. Qorxudan öz adları ilə oturmurlar və içlərindəki təhqiramiz sözləri yazırlar. Orada artıq-əskik, təhqiramiz sözlər, söyüş yazan kişilərin çoxu kişi adı altında oturan qadınlardı. Məncə, kişi öz adı ilə oturar. Əgər öz adı ilə oturmursa, o, arvad adı ilə oturub artıq-əskik şeylər yazacaq. İkinci. Əgər bunu öz adı, şəkli ilə oturan qadın yazırsa, bu, artıq o qadının tərbiyəsizliyindən, əxlaqsızlığından cavab verir. Bayaq söylədim axı. Bir qadının geyimi, saç düzümü onun əxlaqından, tərbiyəsizliyindən cavab vermir. Qadının qadınlığı, xanımın xanımlığı onun dilinin altındadır. Bu, onun danışığıdır. Söyüş söyən insana nə cavab verəsən? Onunla nə danışan? Bu, onun gördüyü tərzdir. Mən belə tərz görməmişəm. Qoy söysün.


- Əsəbi sosial şəbəkə istifadəçilərinə məsləhətiniz...  

- 10-a qədər saysın. Bu aralar, deyəsən, onun üzünə arvaddırsa, əri baxmır, ərdirsə, arvadı baxmır. Tez-tez intim əlaqədə olsun. Əsəbləri sakitləşəcək. İntimin başqa adı var? Nə deyim? İntim intimdir. Ya getsin sekslə məşğul olsun, ya da intimlə. Bunun qaydası, yazılışı budur. Tibbi dildə necə yazılır? Məncə, tibbi dildə də belə yazılır. Başqa cür yazılışı var? Mən nəsə pis bir şey, söyüş dedim? Yox. Normal. İntim geyimlər, münasibət, münasibət var. Axşam getsin arvadı ilə məşğul olsun da. Qəbahət dedim? Onda sekslə məşğul olsun. İntimin sinonimi seksdirmi? Oxşarıdır. Siz həkimə gedəndə həkim sizə demir ki, ay kişi, ay arvad, sənin əsəblərin və yaxud hormonların yerində deyil. Tez-tez intim əlaqədə ol və yaxud sekslə məşğul ol. Həkim sizə başqa bir şey deyir? Mən də deyim. Söyüş söydüm? Bu qədər tərbiyəlisinizsə, sosial şəbəkədə əyləşməyin.

- Səmimi cavablarınızıa görə təşəkkür edirəm!

- Mən sizə təşəkkür edirəm. Sizin komanda ilə görüşmək mənə çox xoşdur. Əlbəttə ki, heç kim məni birmənalı şəkildə qarşılayıb sevə bilməz. Təşəkkür edirəm ki, məni sevənlər var, sevə-sevə izləyənlər var. Bir balaca da istəyərdim ki, bizim xanımlarımız sosial şəbəkələrdə özləri öz adları ilə otura bilsinlər. Qoy bir balaca bəylərimiz xanımlarımıza, xanımlarımız da bəylərimizə inansınlar. İnam, güvən sevgidən, məhəbbətdən önəmlidir. İnam, güvən olarsa, bugünkü cəmiyyətdə belə axmaq, düşüncəsiz insanlar azalar. Mən çox istəyərdim ki, özümüzü sevək. Çox istərdim ki, bizim cəmiyyət bizim akyorları, bizi sevsin. Pisi ilə, yaxşısı ilə sevsinlər. Çox istərdim ki, bizim cəmiyyət danışılan söhbətin içində ağız, burun soruşmasın. Danışılan söhbətin içində o söhbətə müdaxilə etsin, ağıllı suallar verə bilsin. Çox istərdim ki, mənə elə suallar versinlər ki, düşünüb cavab verim. Deməyim ki, hava mənə xoşdur.

Hüseyn Məmmədsalahov
BAKU.WS