VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
-in budəfəki müsahibi aparıcı, aktyor Xose Bernardodur. 

- Xose Bernado kimdir?

- Çox suallar verirlər ki, Xose Bernardo haradan gəlib, necə olub ki, Azərbaycanda olub. Əslində, Xose Bernardo Azərbaycanda doğulub. Anam azərbaycanlıdır, atam kubalıdır. Bakıda doğulmuşam, böyümüşəm, əsgərlikdə olmuşam. Tamaşaçılar ilk dəfə məni "Planet Parni iz Baku" KVN vasitəsilə tanıyıblar. İlk dəfə 2003-cü ildə Heydər Əliyev Sarayında səhnəyə çıxmışam. O illərdən sevilməyə başlamışam.

- Ailəniz haqda nə danışa bilərsiniz?

- Ailədə 3 övladıq: qardaşım, bacım və mən. Onlar, məndən fərqli olaraq, ağdərilidirlər. Anam tərəfə çəkiblər. Mən bir az qaraşınam. Atama oxşamışam. Hamıya çox maraqlıdır ki, necə olur ki, sən kubalısan, amma Kubada olmamısan. Hətta bu yaxınlarda Ədalət Şükürovla danışanda o dedi ki, tez-tez Kubaya gedir. Dedim ki, İnşallah qismət olar məni də apararsan Kubaya - ikinci ata Vətənimə.


- Oradakı qohumlarınızla əlaqə saxlayırsınız?

- Əgər 29 yaşına kimi mənə heç bir köməklikləri dəyməyibsə və onları görməmişəm, inanmıram ki, bundan sonra mən onları görmək istəyim.

- Aparıcı olana qədər hansı sahələrdə çalışmısınız?

- Uşaqlıqdan fəhlə işləmişəm, "zabor" tikmişəm. Ofisiant da, fotoqraf da işləmişəm. Aparıcılığa qədər çox işlərdə işləmişəm. Bundan da qətiyyən utanmıram. Pul qazanmaq heç vaxt ayıb deyil. Ona görə də bu işlərimə görə heç vaxt utanmamışam.

- İlk qazancınızı xatırlayırsınız?

- İlk qazandığım pul 100 dollar olub. İndiyədək yadımdadır. O da 13 yaşımda "Planet Parni iz Baku"da çıxış etdiyimə görə qonorarım olub. Tahir İmanov sağ olsun. Mən həmişə demişəm. Tahir və Cabir qardaşlarına həmişə minnətdar olacağam ki, ilk dəfə onlar məni əlimdən tutub səhnəyə çıxardıblar. Onların bu yaxşılıqlarını heç vaxt unutmayacağam.


- Necə oldu ki, aparıcılığa başladınız?

- Aparıcılığa 2008-ci ildə ANS televiziyasında başlamışam. İdman xəbərlərinin aparıcısı olmuşam. Bizim birinci diktorumuz Sabir Ələsgərovun tələbəsi olmuşam. Bir il hazırlıqdan sonra ANS-də ilk dəfə idman xəbərlərini aparmağa başlamışam. 3 il.

- Qaradərili olduğunuza görə hər hansısa bir problem yaşamısınız?

-  Təbii ki, uşaqlıqda, məktəb vaxtlarında, hələ tanınmayanda xoşagəlməz atmacalarla rastlaşmışam. 13 yaşımdan tanınmağa başlamışam və özümə qarşı sevgi görmüşəm. 15 il bundan əvvəl yolda bir uşaqla valideyn gedirdi. Uşaq məni görüb qayıtdı ki, "Aa, mama, qara oğlan". Anası da qayıtdı ki, "O, qara oğlan deyil. O, Xose Bernardodur". Belə bir hadisə baş vermişdi. Belə bir sıxıntılar, çətinliklər o qədər də görməmişəm.

- Azərbaycanda qaradərilərlə tez-tez müxtəlif zarafatlar edirlər...  

- Belə bir problemləri çox pozitiv qəbul edirəm. "Qara günlər"lə bağlı "stand-up"ım da da demişdim. Mənim "qara günlərim" Obama prezident olan gün başlamışdı. Hamı, bütün məhəllə məni görən kimi deyirdi ki, gördün də, sizinkilər getdi qabağa.


- Gəlirinizdən razısınız?

- Əfsuslar olsun ki, az qazanıram. Bacarığımdan və gördüyüm işlərdən qat-qat az qazanıram.   

- Dubaya köçəcəyinizlə bağlı açıqlama vermişdiniz. Sonrasından xəbərim olmadı.

- Əslində, Dubaya köçmüşdüm. 2011-ci ildən 2013-cüdək Dubayda yaşamışam. Təbii ki, Azərbaycana gedib-gəlirdim. Əsasən işlərim orada idi deyə, orada yaşayırdım, amma qala bilmədim. Hər şey əla idi. Mənim üçün bütün şərait yaradılmışdı. Buradan iki qat yaxşı şəraitim var idi. Bilmirəm, qala bilmədim orada. Özümə də qəribə gəldi ki, niyə qala bilmədim. İnanmıram ki, Azərbaycandan başqa haradasa yaşaya bilim.

- Sevgi məsələləri nə yerdədir?

- Həyatımda o qədər də çox sevgi olmayıb. Təbii ki, mən də sevmişəm. Mental düşüncənin qurbanı olmuşam. Camaatın fikri ilə yaşayan birini sevmişəm. İstədiyim qızın ailəsində arzuolunmaz olmuşam. Ona görə də o sevgimiz baş tutmadı. Valideynləri bizim bir yerdə olmağımıza razı olmadılar.


- "Maşın şou"dakı iştirakınız da yadda qalan oldu...

- "Maşın şou"nu diqqətlə izləyən tamaşaçılar bilir ki, orada nə "oyunlar" çıxarırdıq. Bilməyənlərə də onu deyim ki, əslində, orada "boss kardinal"lardan biri də mən idim. Bunu ilk dəfə sizin vasitənizlə demək istəyirəm. Çox işləri altdan-altdan çevirirdik. Problemim olan iştirakçılardan biri Sərxan idi. Mən, əslində, kinli adam deyiləm. Nə olubsa, "Maşın şou"nun dövründə qalıb. Şükür Allaha, indi də görsəm "salam"ımı verirəm. Sizə verdiyi müsahibəsində demişdi ki, "Gedəndə mənimlə sağollaşamdı. Sonra çıxanda öpdü-qucaqladı".

Mənim həmin dəqiqə ürəyimdən nə keçirsə, onu edirəm. Fikirləşmirəm ki, bunu edim, sabah camaat nə fikirləşsin. Xeyr. Orada onunla sağollaşmadım, çünki getməyimin səbəbkarı məhz elə Sərxan idi. Mən onunla əvvəlcədən danışmışdım, amma o mənim bütün planlarımı pozdu. Ona görə də onunla sağollaşmadım. Gedəndə də insanlıq xətrinə onunla sağollaşdım. Münasibətimiz yoxdur. Görsəm, Allahın salamıdır, verəcəyəm.

Sərxan sizə verdiyi müsahibədə belə bir şey demişdi ki, Xose mən qayıtdığım yolu qayıdır, nəsə belə... Bir dənə onu demək istəyirəm ki, mən heç onun getdiyi yolla getmək istəmirəm. Getmək fikrim də yoxdur. Öz yolum var və bu yolda da şükür Allaha irəliləyirəm. O yolda özüm üçün uğur görürəm. Amma onun getdiyi yolla heç vaxt getmək istəmərəm.


- Sərxan Kərəmoğlunun Dilarə Kazımova və Səmra Rəhimlinin ağuşunda çəkdirdiyi videoya yazdığınız şərhiniz birmənalı qarşılanmadı...

- O şərh bir az qalmaqallı oldu. "Komment"i (şərhi-red.) gülmək üçün yazmışam. Sərxana qarşı kinim qalmayıb. Yazmışdım ki, "Nə edirsən o cənnəti ki, oranın almasını yeyə bilmirsənsə?". Bilmirəm, o hansı mənada başa düşüb. Heç mənə maraqlı da deyil. Gördüm və fikrimi yazdım. O da qalmaqala səbəb olmşdu və deyəsən Sərxanın xətrinə dəymişdi.

- Sizi xaricilərlə səhv salan olub?

- Bir dəfə məşqdən çıxıb taksi saxladım. Saxlayanda sadəcə dedim ki, "Bulvar". Gördüm ki, məni xarici zənn etdi. Taksi sürən qaqaş məni 1 saat bütün şəhəri fırladıb. Mən də heç nə demirəm. Baxıram, görüm nə edəcək. Şəhərin bu başından girir, o başından çıxır. 10 dəqiqəlik yolu 1 saata fırlatdı. Axırda deyirəm ki, "How much?" (Nə qədər edəcək?). Qayıtdı ki, "100 dollar". Dedim: "Qardaş, mən ördəyəm, amma "mestnıy" (yerli-red.) ördəyəm. Sən məni xarici ilə səhv salma". Belə bir hadisə baş vermişdi. Ümumiyyətlə, son vaxtlar ölkəmizə gələn ərəblərin də sayı çoxdur. Elə də olur ki, elə bilirlər ərəbəm. Tanıyanlar, təbii ki, yox. Az-az efirə çıxdığımdan çox adamın yadından çıxmış oluram.

Xose Bernardo və BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov

- Son dövrlər sizi ən çox nə qıcıqlandırır?

- Son vaxtlar tez-tez vaynlar çəkilir. Elələrindən gündə yüzünü çəkərəm. Bəlkə də mən o "period"u (dövrü-red.) keçmişəm deyə, o iş mənə bir az yüngül gəlir. Planda belə bir ideya da var ki, 1-2 aya istəyirəm vaynerlərə master-klass keçim. Sözün əsl mənasında göstərim ki, vayner necə olur.

Yumor belə bir şeydir ki, əgər sənin yumorun yoxdursa və yaxud da mövzun yoxdursa, sən onda camaatı təhqirlə güldürməyə başlayırsan. Yumorun bir çox növləri var ki, söyüşsüz "+18"siz güldürmək olar.

- Hələlik deyəcəkləriniz...

- Dəvətinizə görə sizə təşəkkürümü bildirirəm. Məndə tənbəllik çox idi. Artıq tənbəllik sindromunu sındırmışam. Çox böyük işlərlə qarşısınızda olacağam.
    
Hüseyn Məmmədsalahov
BAKU.WS