SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci ilin 27 dekabr tarixində təqdim olunan "Əfsanə qayıdır" filminin "Park Cinema" kinoteatrlar şəbəkəsindəki yayımı dayandırılıb.


BAKU.WS-in məlumatına görə, buna səbəb sözügedən kinoteatrın seans bölgülərini düzgün aparmaması olub. 

Baş verənlərlə bağlı filmin rejissoru Emil Abdullayev sosial şəbəkə hesabında məlumat verib.

E. Abdullayevin sözlərinə görə, “Əfsanə Qayıdır” filmi ilk həftəsindən "Park Cinema"da ədalətsiz seans bölgüləri ilə üzləşib:

"İlk 5 gününü fotoda da gördüyünüz kimi (fotodakılar dolu zalların bir qismidir) verilmiş dəxlisiz saatlara baxmayaraq, demək olar ki, bütün seansları tam olaraq doldurub. Bu cür anşlaq etməsinə rəğmən, "Park Cinema" seans sayını artırmaq əvəzinə, filmin ilk həftə sonunda 5 seansa endirdi. Seans saatları bunlar idi: 10:00, 12:00, 23:00, 00:30, 02:30. Bu gün filmin yayımının 10-cu günündə filmin "Park Cinema" şəbəkələrində yayımı dayandırıldı".


E. Abdullayev "Park Cinema" kinoteatlar şəbəkəsini ittiham edib:

"Bu baş verənlərin nə demək olduğunu həm anladım, həm anlamadım. 1 il 2 ay üzərində yüzlərlə insanın əziyyəti, zəhməti olan rəng, səs, qrafika işləri Türkiyədə olmuş, çox böyük maliyyə yatırımı edilmiş filmi beləcə bilərəkdən batırmağa çalışdılar. Mən bir rejissor kimi 28 noyabr 2014-cü ildə xarici filmlərin ölkədə qaz vurub qazan doldurduğu vaxtda, ilk yerli kommersiya filmini çəkib kinoteatrlarda yerli filmlərin önünü açmağa vasitəçilik etmiş insanlardan biriyəm. Ölkədə yerli xarici filmlər arasında ən çox izlənən 2 filmin rejissoruyam. Və "Əfsanə Qayıdır" filminin prodüsseri, rejissoru və ssenaristlərindən biriyəm. Mənə dəstək olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Mən hər zaman dövlətim üçün, millətim üçün yaxşı nəsə etməyə çalışmışam.Hər zaman Azərbaycan filminin inkişafına çalışmışam. Nə dərəcədə bacardığımı bilmirəm, amma bundan sonrada bunun üçün çalışmağı özümə borc bilirəm. Bu baş verən haqsızlıqları açıqlamaqda məqsədim mənim kimi min bir əziyyət, zülm çəkərək film ərsəyə gətirən yaradıcı insanların ehtiyatlı davranıb, bu tip oyunlara gəlməsinin qarşısını almaqdır. “Əfsanə Qayıdır” filmini izləmək istəyənlər "Nizami" kinoteatrının bizə ayırdığı yetərli seanslarda izləyə bilərsiz. Əfsanə Qayıdır! Hörmətlə, Emil Abdullayev"

BAKU.WS ittihamlara cavab almaq üçün “Park Cinema” şəbəkəsi ilə əlaqə saxlamağa çalışsa da, telefonlara cavab verilməyib.



Qeyd edək ki, komediya janrında olan "Əfsanə qayıdır" filmində baş rolları aktyorlar Fərda Amin, Nicat Rəhimov, Əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis və aktrisa Ülfət Bəşir canlandırırlar.

Ssenariyə görə, bacısına cehiz almaq məqsədi ilə paytaxta fəhlə bazarına işləməyə gələn Baloğlan özü ilə gələcək yeznəsi Vəfanı da məcbur gətirir. Fəhlə bazarının əfsanə söhbətlərindən olan “qara cipli xala” nəhayət ki, bir gün gəlir və heç kimin gözləmədiyi halda məhs Baloğlanla Vəfanı aparır. Yeznə və qayını aparan Əfsanənin məqsədi heç də düşünüldüyü kimi deyil. Əfsanə ona xəyanət edən ərinin izlənməsini Baloğlanla Vəfaya tapşırır. Hər şey də bundan sonra başlayır...

Hüseyn Məmmədsalahov
BAKU.WS