VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 7-də “Hyatt Regency” otelində "Qaynana 2018" filminin mətbuat konfransı keçirilib.


BAKU.WS-in məlumatına görə, konfrans zamanı filmin baş prodüseri Hüseyn Cavadzadə, aktyor və yaradıcı heyəti jurnalistlərə film haqqında ətraflı məlumat veriblər və onların suallarını cavablandırıblar.

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə açıqlamasında qeyd edib ki, Xalq artisti Flora Kərimovanı bəzi səhnələrə çəkilməyə çətinliklə razı salıb:

"Flora xanımın sosial düşüncələrinə görə ciddi çətinliklərimiz olurdu. Məsələn, Flora xanım "nökər, qulluqçu" sözlərini işlətməyə qarşı idi. O, personajı belə aşağılamaq istəmirdi. Başa sala bilmirdik ki, bu ssenaridir, işiniz olmasın. Həmin səhnlərdə Flora xanımın gözü dolurdu. Bütün film boyu Flora xanımı yola gətirməkdə onun Londonda yaşayan qızı Zümrüd bizə kömək etdi. Ona buradan təşəkkürümü bildirirəm. Flora xanım sözə qulaq asmayan kimi qızına zəng edirdik. O, ona ürək-dirək verirdi və hər şeyi izah edirdi. Flora xanımın hədsiz humanist, xalqını, insanları sevən insan olması bizə bir az çətinlik törədirdi".


Daha sonra Xalq artisti Flora Kərimova, aktyorlar Elməddin Cəfərov, Riad Abdulov, aktrisalar Sevinc Əliyeva, Azum Oqocukvo Joy, filmin ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova və operatoru Şahmar Səfəroğlu çəkilişdə yaşadıqları maraqlı anlardan bəhs etdilər.

Qeyd edək ki, "Caspian Media Group" şirkəti tərəfindən istehsal olunan film müasir qaynananın macəralarından bəhs edir.Filmdə muasir qaynananı tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı ve elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur. Bütün hadisələr də bundan sonra başlayır...

Filmdə həmçinin Xalq artisti Səfa Mirzəhəsənov, Əməkdar artist Gülşad Baxşıyeva, aktrisa Ülviyyə Əliyeva, dünyaca məşhur "Papito" mahnısının ifaçısı Seeya və başqaları çəkiliblər.

Ekran işi yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.

Hüseyn Məmmədsalahov
BAKU.WS