Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Power of Fire” (“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim edib.


BAKU.WS xəbər verir ki, qeyd olunan moda həftəsi ərzində Ralf Loren, Oskar de la Renta, Vivyen Vestvud kimi dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir. 

R. İsmayılın “Power of Fire” kolleksiyasına 30 paltar daxildir. Yarımqiymətli daşlarla və mürəkkəb tikmə ilə işlənmiş bütün kolleksiya əl işindən ibarətdir. Rüfət İsmayılın “Afffair” brendinin defilesi rəsmi olaraq Nyu-York Moda Həftəsinin cədvəlinə daxil edilib. Belə hadisə Azərbaycanın moda tarixində ilk dəfə baş verib. R. İsmayılın əsas modeli qismində isə məşhur azərbaycanlı model Günay Musayeva çıxış edib.

Qeyd edək ki, Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib. Dizayn etdiyi kostyumlara görə, o, "Türkiyənin ən yaxşı dizayneri" adına və Fashion TV tərəfindən “Avropada 2018-ci ilin ən yaxşı dizayneri” adına layiq görülüb.

Hüseyn Məmmədsalahov
BAKU.WS