VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Brilliant Dadaşova atası və anası ilə bağlı xatirələrini bölüşüb.

BAKU.WS 
publika.az-a istinadən xəbər verir ki, hələ uşaqkən anasını faciəvi qəzada itirdiyindən söz açan ifaçı, bəzi məqamları xatırlayıb:   

"Ailəmiz avtomobil qəzasına düşmüşdü, anamız bu qəzada həyatını itirdi. Ailə üzvlərim xəstəxanada müalicə aldıqdan bir müddət sonra evə qayıdanda görürlər ki, şəxsi əşyalarımız anamın bəzi qohumları tərəfindən aparılıb. O əşyaların arasında qutularda gümüş qaşıq-bıçaq dəsti, servis dəstləri, xalçalar və zinət əşyaları var idi. Belə söhbət gəzirdi ki, qohumlarımız atamın başqa qadınla yenidən evlənə və zinət əşyalarını başqasına verə biləcəyini düşünüb. Odur ki, qızılları və digər əşyaları aparmağa qərar veriblər. Bu səbəbdən anamızın zinət əşyaları bizə qismət olmadı. Amma söz vermişdilər ki, biz böyüdükcə xalçaları, zinət əşyaları, gümüş qaşıqları və digər qab-qacaqlarımızı qaytaracaqlar...

Nənəmizdən bizə üzərində Hacı Zeynalabdin Tağıyevin adı və babam Yusif Dadaşovun imzası yazılan büllur qablar, həmçinin çox gözəl qədimi xalçalar qalmışdı. Onda biz balaca idik, zamanla bəziləri itdi. Atamın anası, nənəm Xeyransa xanımın fransız brilyantları olub. Əfsuslar olsun ki, onlar bizə qismət olmadı. Çünki atamgil üç qardaş olub, onların da xanımlar və uşaqları var idi. Həmin zinət əşyalarının aqibətindən xəbərimiz olmadı. Atam başqa xasiyyətli insan idi, heç vaxt dünya malında gözü yox idi, öz atasının mal-mülkünə sahib çıxmaq kimi miras iddiaları olmayıb.

Anamın, evimizdən aparmadıqları bir neçə əşyası qalmışdı ki, ona uzun müddət atam toxunmurdu. Qəzadan bir neçə il sonra anamın əşyalarının arasından cəmi bir üzük tapdıq. Brilyant qaşlı, çox dəyərli üzük idi. Təəssüf ki, o üzüyü də satmaq məcburiyyətində qaldıq. Çünki Atam universitetdə riyaziyyat və həndəsəndən dərs deyirdi, maaşa baxırdı. Beş uşaqla tək qalan kişi üçün ailəni dolandırmaq çətin idi.

- Dediyim kimi, atam Azərbaycan Dövlət Universitetində (İndiki Bakı Dövlət Universiteti) dərs deyirdi. Tələbələr tərəfindən dəfələrlə qapımıza göndərilən hədiyyələri, rayondan gələn ağzıdolu zənbilləri atam rüşvət adlandırıb geri qaytarırdı. O, deyirdi ki, atası-anası uzaqda olan və Bakıda kirayə qalan tələbələrin payını onların boğazından kəsib, mən övladlarıma yedizdirə bilmərəm. Həmişə danışardı ki, universitetdə bufetə girəndə, uzaq rayonlardan gələn bəzi tələbələrin şirinçayla quru çörək yeməsini görüb məyus olur. Onlar dərslərini bilməsələr də, üç də olsa qiymət yazardı".

BAKU.WS