SİZİN REKLAM BURADA!
055 213 76 73



MirCəlal Paşayevin hekayəsi əsasında çəkilən "İki Yad Adam" filmi təqdim olunub.

BAKU.WS
-in məlumatına görə, ADA Universitetində görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü ilə bağlı keçirilən tədbir "Kiçik hekayənin böyük ustası" adlanırıb.

Tələbələr tədbirdə böyük ədibin Azərbaycan və ingilis dillərində səhnələşdirdikləri hekayələrini təqdim ediblər.

Tədbir iştirakçıları Mir Cəlal Paşayevin həyat yoluna və zəngin yaradıcılığına nəzər salıblar. Bildirilib ki, Azərbaycan ədəbiyyatında Mir Cəlalın bədii və elmi irsinin xüsusi yeri var. İstedadlı yazıçı ədəbiyyat xəzinəmizi dəyərli nəsr nümunələri ilə daha da zənginləşdirib. Onun həm hekayələri, həm də “Bir gəncin manifesti” povesti, “Dirilən adam” romanı və digər əsərləri hər zaman sevilə-sevilə oxunur.

ADA Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələri ədibin hekayələrini böyük ustalıqla səhnələşdiriblər. Mir Cəlalın “İclas qurusu”, “Salamın neçə növü var” və “Xarici naxoşluq” hekayələrinin səhnə təcəssümü alqışlarla qarşılanıb.

Tədbirdə yazıçının “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında lentə alınan “İki yad adam” qısametrajlı filmi də nümayiş etdirilib. Bu film Çin Xalq Respublikasında keçirilən beynəlxalq kinofestivalda “Qrand Asiya” mükafatına layiq görülüb. Bu barədə filmi hazırlayan “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə məlumat verib və mükafat “Ədibin evi”ndə saxlanılması üçün ADA Universitetinin rektoru Hafiz Paşayevə təqdim edilib.

Səhnəyə dəvət edilən yaradıcı heyət “İki yad adam” filminin Qazaxıstanda və Gürcüstanda da böyük sevgi ilə qarşılandığını bildiriblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva deyib ki, zaman dəyişsə də, Mir Cəlal yaradıcılığındakı dəyərlər dəyişmir, bu gün də öz aktuallığını saxlayır.

“Ədəbiyyat tarixin özündən daha tarixidir, çünki orada həyat var”, - deyən ədəbiyyatşünas alim Nizami Cəfərov bildirib ki, ədəbi mühitdə Mir Cəlal Paşayevin əsərləri sosial həyatın içərisindən gəldiyinə görə bu gün də yaşayır. Ədibin 292 hekayəsi qeydə alınıb və onlar indi də maraqla oxunur. Çünki “Ədəbiyyat ədəb sözündən götürülüb” deyən Mir Cəlalın istər ədəbi dilində, istərsə də əsərlərinin süjet xəttində biz bu dəyəri görürük.

Yazıçının oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev hələ sovetlər dönəmindən Mir Cəlalın hekayələrinin səhnələşdirildiyini, tədris üçün hər zaman yararlı olduğunu deyib. Qeyd edib ki, tarixi ədəbiyyat vasitəsilə öyrənəndə yaddaşlarda daha yaxşı qalır. Həm də gənclər kiçik hekayələr oxumaqla daha böyük əsərləri oxumaq vərdişi qazanırlar.

BAKU.WS