SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekstravaqant stilist Samiraldo BAKU.WS-in qonağı olub.


- Xoş gördük səni Samiraldo. Həmişəki kimi göz oxşayırsan, rənglər super... 
- Mən belə geyinməyi xoşlayıram. İnsanın içindəki ab-hava üzə vurmalıdır. Rənglərlə insanlara pozitiv ötürürəm. Deyirlər ki, sarı rəngi dəlilər sevirlər. Əslində sarı rəngdə böyük enerji var . Sarı ilə yaşıl daha gözəl olur. Üstindən bir balaca tünd rəng qatanda xamilyon olur. Gözəl kompazisiya yaranır. Amma sarı, qırmızı, yaşıl və digər rəngləri bir yerdə sevmirəm.

- Əvvəllər al-əlvan, güllü pencəklər, kostyumlar geyinirdin... 
- Bəli, geyinirdim. Sizə bir söz deyim, indi çoxları mənə deyir ki, sən özünü Hacı Nurana oxşadırsan, güllü pencəklər geyinirsən. Mən güllü geyinəndə heç kim geyinmirdi. Mənim arxivim var, onlara baxsalar görəcəklər ki, mən ömür boyu güllü, al-əlvan geyinmişəm. Hacı Nuran həyat sevər insandır, ona görə belə geyinir. Mən heç kimdən heç nə öyrənmirəm. Mənim bugünkü imicimi çox məşhur bir brend 2018-ci ilin dəbi kimi təqdim edib. Bütün yay mövsümü bu çalma dəbdə olacaq. Çalışıram ki, Allahın mənim üçün yazdığı ssenaridən çıxmayım. Amma hamınız bilirsiz ki, mən bunu illər öncə dəbə gətirmişəm.

- Qadınlar üçündür, yoxsa kişilər üçün?
- Fərqi yoxdur. Əslində mən geyimlərimi öz üzərində nümayiş etdirirəm. Mən evdən bayıra çıxdıqda tamam başqa insan oluram. Evdə isə tamam başqa insanam.

- Yəni cəmiyyət içində Samiraldosan, evdə və dostların əhatəsində isə Samir Əliyev...
- Cəmiyyət Samiraldonu sevir. Arada Samir oldum, camaat məni qəbul etmədi. Yenidən Samiraldo obrazına qayıtdım, yenə sevilməyə başladım.

- Oriyentasiyanla bağlı çox fərqli fikirlər səslənir. Samiraldo kişidir, yoxsa qadın?
- Samiraldo bir obrazdır. Nə kişidir, nə qadın. Mən qadın da olmaq istəmirəm, kişi də. Özüm də bilmirəm mən nə istəyirəm. Mənim hisslərim sönüb. Əgər istəsəydim, bunu heç kimdən gizlətməzdim. Heç kimdən qorxmadan konkret deyərdim ki, mənim kişilərə qarşı sevgim var. Bu sadəcə obrazdır. Eksklüziv özüm üçün yaratmışam.

- Sualı başqa şəkildə verəcəm; evə gedib obrazdan çıxdıqdan sonra özünü kişi hiss edirsən, yoxsa qadın?
- Əslində mən kişiyəm. Mənim qadınlara böyük bir sevgim-məhəbbətim var. Qadın sevə bilərəm. İstəsəm o qadınla ailə də qura bilərəm, uşaq da dünyaya gətirə bilərəm. Amma bunun dalında dura bilmərəm. Çünki böyük bir faciə baş verə bilər.

- Niyə? Məsuliyyətin altına girmək istəmirsən?
- Hazırda mənimlə ailə qurub, uşaq doğmaq istəyən qadın var. Razı olsam həmin qadın gedib nəzir paylayar. Amma mən istəmirəm. O uşaq böyüyəndən sonra ona deyəcəklər ki, sən Samiraldonun oğlusan. Bu o uşağa psixi travma ola bilər. Gələcəyi düşündüyüm üçün bu addımı atmıram.

- Cəmiyyətdən çəkinirsən?
- Hə, çəkinirəm.

- Samiraldonun sevilməsinə baxmayaraq, səni televiziyalarda və dövlət tədbirlərində görmürük.
- Yəqin qadağalar var. Kimsə o qadağaları qoyub. Mən də Azərbaycan vətəndaşıyam, bu ölkənin ən sevimli tanınmış simasıyam. Mənim də özümün Azərbaycanla bağlı arzularım vardı və həmin arzularım reallaşdı. Amma mən nədənsə o anları ancaq televiziyadan izlədim. Mənə qarşı çox piar kampaniyaları oldu.

- Səhifəndə reklamdan pul qazanmağın çoxlarını qıcıqlandıırır...
- Mən Samiraldonu Samir Əliyevi dolandırmaq üçün yaratdım. Çünki Samirin vəziyyəti ağırdır.

- Maral Tahirqızının son videosunda şikayətlənir ki, toylara çağırıb oxutdururlar, yol pulunu belə vermirlər...
- Toylara ola bilməz, yəqin məclislərə, kabinetlərə deyib. İnsan özünə hörmət qoymalıdır. O qadın özünə hörmət qoymur.

Zülfiyyə Qurbanova
BAKU.WS