VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Baku.ws-in bugünki müsahibi Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Nahidə Orucovadır.

-Nahidə xanım, necə oldu ki, aktrisa olmaq qərarına gəldiniz?
-Nəslimizdə sənət adamı olmayıb. Atam və anam mühəndis işləyiblər, amma bizim evdə hər zaman incəsənətə, muğama, musiqiyə çox böyük maraq olub. Mənim bacım musiqiçidir. O, kamança üzrə musiqi təhsili alıb və vaxtı ikən İslam Rzayevin ansamblında çalışıb. 2 qardaş, 1 bacı olmuşuq. Təəssüflər olsun ki, qardaşım çox tez dünyasını dəyişdi. Bacım isə hazırda musiqi məktəbində çalışır.


-Peşəkar bir aktrisasınız. Elə olubmu ki, səhnədə çıxışınız zamanı ekstremal bir vəziyyət yaranıb, amma bunu tamaşaçı hiss etməyib?
-O qədər olub ki… Bir dəfə səhnədə oynadığım yerdə ayaqqabımın dabanı səhnənin döşəməsinə ilişib. Ayağımı ayaqqabıdan çıxardıb vəziyyətdən çıxmışam. Bir dəfə səsim batmışdı. Səs rejissoru vaxtında qulağıma mikrofon taxıb və tamaşanın sonunadək pıçıltı ilə danışmışam. Hətta qızdırmalı, xəstə-xəstə də səhnəyə çıxmışam. Bütün bunlara baxmayaraq, biz hər zaman çalışırıq ki, teatra gələn tamaşaçı izlədiyindən zövq alsın.

-Nahidə Orucovanın “Minnət” obrazı xalq artisti Afaq Bəşirqızının “Minnət”indən nə ilə fərqlənir?
Afaq xanım əməliyyata düşdüyünə görə mən bu obrazı 3 günə öyrəndim. Təbii ki, “Minnət”i mən Afaq xanımın ifasında izləmişəm və bəzi ştrixləri ondan götürmüşəm. Tək bu obrazı yox, digərlərini də Afaq xanım mənə etibar edib. Afaq xanımın xətrini çox istəyirəm, o bizim səhnəmizin kraliçasıdır.
Biz sizi hər zaman dolu bədənli görməyə öyrəşmişdik, amma birdən-birə nədənsə arıqladınız...
Sağlamlığıma görə əməliyyata girdim. Hazırda özümü çox yaxşı hiss edirəm. Əməliyyatdan sonra yeni həyata başladım. Çəki atmağım səhnədə də mənə çox yardımçı oldu, indi daha rahat hərəkət edirəm.

-Arıqlayandan sonra filmlərə çəkilmək təklifləri çoxaldımı?
Təkliflər almışam, amma bu mənim arıq, ya kök olmağımla əlaqəli olmayıb. Qonorar az olduğuna görə seriallara çəkilmirəm. Hazırda başım apardığım verilişə qarışıb. Bu mənim üçün ilkdir deyə yavaş-yavaş öyrəşməyə çalışıram.

-Son çəkildiyiniz “Hoqqa” filmindəki Xala obrazı haqqında danışardınız…
“SOY production” tərəfindən çəkilən bir filmdir. Rejissordan təklif gələndə fikirləşdim ki, bu rolu oynaya bilmərəm. Mənə dedilər ki, biz məhz sizi fikirləşib bu obrazı yazmışıq və fikirləşdik ki, bunu yalnız siz oynaya bilərsiniz. Sonra düşündüm ki, niyə də yox... Filmdə bir xala kimi gəlib qonaqları qarşılayıram, sonra isə dönüb mazaxist-qadın oluram. Bu obraz çox xoşuma gəldi. Obrazım bəyənilib və buna görə çox şadam.

-Həyatınızda baş verən hansı hadisə ilə hələ də barışa bilmirsiniz?
Çox təəssüf ki, bəzi obrazlardan vaxt azlığına görə imtina etmişəm. Sonradan buna görə çox peşman olmuşam. Hazır tamaşanı izlədikdən sonra demişəm ki, kaş bu obrazdan imtina etməzdim.


- Zənnimcə insanın nə hisslər keçirtməsini bilmək üçün onun ən çox sevdiyi mahnıya qulaq asmaq kifayətdir...
-Lirik mahnıları daha çox sevirəm. Məhz elə mahnılar insanı çox düşündürür. Bilmirəm, bəlkə bu həyatımdakı lirik notlarla bağlıdır. Məni ən çox ağladan, kövrəldən məhz belə mahnılardır. Buna baxmayaraq, hər zaman çalışmışam ki, yaratdığım obrazlarımla insanları sevindirim, güldürüm, düşündürüm.

-Çox vaxt istedad və hər hansısa bir sənətə sevgi genlə keçir. Qızınız aktrisa olmaq istəyirmi? Bərabər şəkillərinizi tapa bilmədim…
-Sözsüz, hər bir aktrisanın övladı varsa, o teatrda da onunla bərabər olur. Qızımı uşaqlıqda teatra çox gətirmişəm. O, uşaqlıqda aktrisa olmaq istəyirdi, amma sonda fikrindən daşındı. Qızım Xarici Dillər Universitetinin filologiya fakültəsini bitirib. Atası narazıdır deyə qızımın şəkillərini çox paylaşa bilmirəm.

Hüseyn Məmmədsalahov
BAKU.WS