SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qəbələ, Azərbaycan – 26 İyun tarixində Qəbələ konqress mərkəzində mühüm mədəni tədbir olan Natiq Ritm Qrupu və milli rəqs qrupunun konserti baş tutacaqdır.

Azərbaycanın ən qədim çalğı alətlərindən olan nağaranı nəinki ölkəmizdə həmçinin digər ölkələrdə layiqincə təbliğ edən Natiq Ritm qrupu bu dəfə xüsusi komposiziya toplusu ilə qədim çalğı alətlərini milli rəqslərimizlə sintezini nümayiş etdirəcəklər.
 
Qrupun rəhbəri Respublikanın əməkdar artisti Natiq Şirinov çıxış zamanı son zamanlarda çox sevilən və ölkəmizdə keçirilən beynəlxalq yarışmaların açılış mərasimlərində ifa olunan "Sarı Gəlin”, "Qarabağ”, "Atəşgah”,” Mehriban”, "Bir qəlbdə iki ruh”, "Ritm varsa həyat var”və digər kompozisiyalarını qonaqlara təqdim edəcəklər. Bu kompozisiyalar ritm bəstəkarı Natiq Şirinovun muğam üzərində etdiyi sintezləri və milli musiqiyə verilən yeni həyat konseptini əks etdirir. Natiq Şirinovun sözlərinə görə, konsertdə zərb və ritm alətlərindən əlavə, zurna, tütək və digər milli musiqi alətlərimizdən istifadə olunacaqdır. 

Konsert proqramı Gilan Hospitality Group və Qafqaz Otellərinin təşkilatçılığı ilə həyata keçirilir. Gilan Hospitality Group-un İcraçı Direktoru Elgün Məmmədov konsert haqqında öz fikirlərini demişdir: Artıq bir neçə ildir ki, Qəbələ şəhəri bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. Bunlardan ən vacibi Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Bundan əlavə,Gilan Hospitality Group və Qafqaz Otelləri Novruz bayramı ərəfəsində Türkiyənin məşhur rəqs qrupu "Anadolu Ateşi” – nin konsert proqramını həyata keçirmişdir. Bu cür tədbirlərin davamı olaraq, Natiq Ritm qrupu və milli rəqs qrupunun bu konserti  Qəbələdə qonaq olan turistlərimizə milli dəyərlərimizi daha dolğun aşılamaq üçün düşünülmüş addımdır. Bu konsert vasitəsilə biz xarici qonaqlarımıza musiqimizin zənginliyini, milli dəyərlərini və  zəngin tariximizi nümayiş etdirəcəyik. Bu cür tədbirlər həm turizmin inkişafına həm də milli adət-ənənələrimizi təbliğinə dəstək məqsədilə davamlı olaraq keçiriləcəkdir.

-Natiq Ritm Qrupu Haqqında-

Natiq Ritm Qrupu 2001-ci ildə əməkdar artist Natiq Şirinov tərəfindən yaradılmışdır. Qrupun yaradılmasında əsas məqsəd xarici ölkələrdə nağaranın Azərbaycanın milli musiqi aləti olduğunu göstərmək, onu daha da təkmilləşdirmək və ritm musiqisinin təbliği olmuşdur. Qrup 2015-ci ildə Azərbaycanda beynəlxalq nağara festivalı keçirmişdir və festivalda Türkiyə, İran, Özbəkistan kimi ölkələrin nağara ifaçıları təmsil olunmuşdur. Bundan başqa qrup ABŞ, Polşa, Türkiyə, Ruminya, Avstriya, Rusiya və digər ölkələrdə dəfələrlə konsert proqramları ilə çıxış etmişdirlər.

-Gilan Hospitality Group Haqqında-

Gilan Hospitality Group Azərbaycanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeçiliyində olan otellər qrupu Azərbaycanın əsas turizm mərkəzləri olan Bakı,Qəbələ və Lənkəranda yerləşir. 

Gilan Hospitality Group tərəfindən idarə olunan otellər 3 qrupa bölünür: şəhər otelləri, rezort otellər və butik otellər. Şirkətin idarəçiliyində olan otellər "Qafqaz Hotels&Resorts” brend adı altında fəaliyyət göstərir.

Daha ətraflı məlumat almaq üçün, əlaqə vasitəsi:
Şərifə Həsənova, Otellər Qrupu Üzrə Satış Meneceri
Tel: (050) 290 0520
 
BAKU.WS