VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"ARB Ulduz"da yayımlanan "Şou-məkan" proqramının növbəti qonağı müğənni Sevinc Musayeva olub.

Müğənniyə elə bircə tərpəniş bəsiymiş ki, yatmış vulkan kimi oyanıb bəzi şou nümayəndələrini necə deyərlər, yıxıb-sürüyə:

"Biri Allahın yox, sevgilisinin köməyi ilə irəli getdiyini deyir. Biri keçmişdə sənətə nə cür fotosessiyalarla, videoçarxlarla gəldiyini danır. Gizli ana olurlar, sonra deyirlər ki, mən anayam. Restoran müdirlərinin sayəsində özlərini şou-biznesdə uca tuturlar".

Müğənni kateqoriyalara ayırdığı həmkarlarından fərqli olaraq, bu yollarla gündəm yaratmağın qətiyyən tərəfdarı deyil. Hətta həmin nüansları nəzərə alan ifaçı efirlərdə görünməməyi özünün imici kimi müəyyənləşdirib:

"Budurmu sizin gündəm? Əgər sizin gündəm budursa, mən bu gündəmdən çox uzağam. Ona görə də, bu artıq mənim imicimdir. Efirlərə az-az çıxım, amma təmiz çıxım. Sənətim varsa, sənətimlə, gözəl sözlərim varsa, gözəl sözlərimlə çıxım. İnsanlara neqativ ötürmək istəmirəm".

Sevinc ürəyini nə qədər boşaltsa da, sakitləşmədi, daha da alovladı:

"Mən bilirəm ki, o insan çıxıb orada elə bir yalan danışdı ki, üstəlik yalanı elə gözəl danışdı ki, tamaşaçıları da inandırdı. Yazıq tamaşaçı nə etsin axı? Baxacaq ona, inanacaq da. Və yaxud çıxıb efirə bir ağlamaq ağladı ki, deyirsən, ay Allah, beş il bundan qabaq soyunub tərbiyəsiz videoçarxlarda çəkilən bu deyildimi?"

İfaçı düşünür ki, bu sözlərdən sonra, ümumiyyətlə, heç bir müğənninin çıxıb ona nəsə deməyə sözü və haqqı çatmır:

"Dalında da dururam. İş orasındadır ki, heç kimdən mənə cavab gəlmir, heç istəmirəm də. Nə cavab versinlər? Bax, hansı çıxıb mənə nəsə deyə bilər? İnsanın cavab verməsi üçün alnıaçıq olmalıdır. Mən sadəcə deyirəm, kim ağıllıdırsa, normaldırsa, bundan nəticə çıxaracaq".

Heç vaxt ikinci yolu seçməyən və hansısa təkliflərlə artıq 10 ildir ki, mübarizə aparan müğənni, hətta statistik rəqəm belə açıqladı:

"Mən on ildir ki, bu təkliflərlə mübarizə aparıram. Bu bataqlığın, çirkliliyin içində xoşbəxt bir qız olduğumu anladım. Şou-biznesdəkilərin 100 faizindən 98 faizi ikinci yoldadır".

Hər bir qadın kimi ailə qurmaq arzusunun olduğunu dilə gətirən ifaçı şou-biznesdəki bəzi sənətçilər kimi müqaviləli ailə qurmaq niyyətində deyil:

"Konkret şou-biznesdəkilər kimi ailə qurmaq istəsəydim, qurardım. Pul verib yanımda bir bəy otuzdurardım. Neçə il, neçə ay lazımdırsa, müqavilə ilə evli olardım. Və ya ailə qurardım, övlad da olardı. Mən öz işimdə, o öz işində. Necə ki, bəziləri elə bu cür edir. Konkret ailə qurmaq budur. Ancaq mən heç vaxt bu cür ailə arzulamamışam".
 
BAKU.WS