SİZİN REKLAM BURADA!
055 213 76 73




Məşhur amerikalı aktyor Stiven Siqal Rusiya vətəndaşlığına qəbul olunub.  
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
 
Qeyd edək ki, Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur.
 Hətta o, musiqiyə aktyorluqdan çox daha əvvəl başlayıb.
 
Belə ki, Siqal 12 yaşında ikən gitara ifa etməyə başlayıb. Və əsasən blüz janrına üstünlük verib.

İllərlə öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri-Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens "Qeytmaut” ilə birgə ifalar edib, blüza olan sevgisini onlarla bölüşüb.

Stivenin anası onun "musiqisini dünya eşitməlidir” deyəndən sonra Siqal ilk albomunu buraxır. 2005-ci ildə işıq üzü görən "Kristal mağaradan mahnılar” ("Songs from the Crystal Cave”) albomu Avropa bazarında ən çox satılan albomlardan olur və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirir.
2006-cı ildə daha bir musiqi albomu - "Mojo Priest” təqdim olunur. Tənqidçilər tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan "Mojo Priest” təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzun əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi əfsanələrin musiqisini də özundə birləşdirir.

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərək "Stiven gitara çalmaqda mahir ustadır” - deyə söyləyib. Stivenin blüzu ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı onun yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

Qeyd edək ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və artıq 1988-ci ildə ilk filmi "Qanundan yüksəkdə” ekran əsərində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor "Mühasirədə”, "Ölümcül təhlükə”, "Məhvetmə qərarı”, "Keçmişin kölgəsi”, "Günəşin altında” və s. filmlərdə rol alıb.
 
Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.
 
Xatırladaq ki, Stiven Siqal bir neçə dəfə Azərbaycana səfər edib. 

Aytən.H
BAKU.WS