"Park Cinema” kinoteatrlar şəbəkəsi Bakı Dənizkənarı Milli Parkında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş "EuroVillage 2016” festivalında təmsil olunub. 

BAKU.WS xəbər verir ki, festivalın keçirilməsində məqsəd Avropa İttifaqı ölkələrinə mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaratmaqdır. 

Tədbirdə Avropa İttafqı ölkələrinin Bakıda akkreditə olunmuş səfirliklərinin nümayəndələri və səfirlər, Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard, eləcə də "Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev iştirak edib. 

Bakı dördüncü ildir ki, keçirilən "EuroVillage” festivalında "Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev  Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ilə birgə təşkil etdiyi və noyabrın 3-də start götürəcək VII Avropa Film festivalı haqda məlumat verib. O, ildən-ilə festivalda iştirak edən ölkələrin, eləcə də təqdim olunacaq filmlərin sayının artması ilə əlaqədar 2016-cı ildə festivalın 10 gün ərzində davam edəcəyini bildirib. 

"EuroVillage 2016” çərçivəsində uşaqlar və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual turlar, milli rəqslər və karaoke, face-art, şahmat üzrə yarışlar və s. keçirilib. 

Müsabiqə və viktorinaların qaliblərinə "Park Cinema” kinoteatrlar şəbəkəsi tərəfindən film seanslarına dəvətnamələr və multfilm qəhrəmanlarından xüsusi mükafatlar təqdim olunub. 

Bundan əlavə, festivala gələn qonaqlara məşhur Avropa yeməkləri "Qaspaço”, "Paelya” nın hazırlanması üzrə kulinar şoular, pizza ilə şou, eləcə də "Səs” (Azərbaycan) müsabiqəsinin iştirakçılarının çıxışları təqdim olunub. 

Festival avropalı ulduz Devid Vendettanın konsert proqramı ilə başa çatıb. 

Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan "Park Cinema” 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. 
Hazırda kinoteatrlar şəbəkəsinin 5 kinoteatrı var. Bu 13 zalı və 2200-dən artıq kürsüsü olan "Park Bulvar”, "Metropark” və açıq səma altında fəaliyyət göstərən "Amburan” yay kinoteatrı, 2015-ci ildə açılmış, 4 zallı 600 kürsülü Park Cinema Zaqulba və 6 zallı 1000 yerlik Park Cinema Flame Tower kinoteatrlarıdır. 

Ümumilikdə, şəbəkənin 3500 kürsülü 5 meydançası vardır. Park Cinema Flame Tower kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub – bu Zaqafqaziya bölgəsində bu formatlı ilk kinoteatrdır. 

Şəbəkənin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar, kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

Aytən Həsənova
BAKU.WS