SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Çox insan onu toylarda oxuduğu mahnılarla yox, şənliklərdə işlətdiyi söz-ibarələrlə tanıyır. Hətta özünün dediyi kimi, ona çox vaxt salam yerinə elə bu sözləri deyirlər.

 

Təbii ki, söhbət Azərbaycanın tanınmış estrada müğənnisi, xalq artisti Səməd Səmədovdan gedir. Xalq artisti gələn il 70 yaşını qeyd edəcək. İlk dəfə "Toylar kralı” tituluna layiq görülən Səməd Səmədov xalq arasında oxumağından çox şən aparıcılıq qabiliyyəti və zarafatları ilə seçilir. Hətta ona öz dediyi kimi salam əvəzinə həmin sözlərlə müraciət edirlər. 

Son illər toyların azaldığını deyən Səməd Səmədovla yubiley qabağı maraqlı və səmimi söhbət etdik. Xalq artistinin BAKU.WS-ə verdiyi müsahibəni təqdim edirik:

- Son illər Səməd Səmədovu toylarda az-az görürük. Səbəbi maraqlıdır. Vaxtilə ayın bütün günlərini toy aparan Səməd Səmədovu xalq niyə şənliklərə çağırmır?

- Hər müğənninin öz dövrü var. Rəhmətlik Anatolu Qəniyev, Akif İslamzadə, Gülağa Məmmədov, Hüseynağa Hadıyev və s. kimi korifeylər olub. Öz dövründə oxuyublar. İndi mən də yaşlaşmışam. Müğənni də çoxdur. Mənim də öz dövrüm olub. Hər aşığın öz dövranı var. Cavanlar da çox müasir, istedadlıdırlar. İndi Abbas, Nadiq Qafarzadə, Elton, Zamiq və digər gənc müğənnilər var. Onlar gündəmdədirlər. Mən də nəvələrimin toyunda populyar, gündəmdə olan müğənniləri dəvət edəcəyəm. Ola bilər ki, adlarını çəkdiyim müğənnilərin yerinə başqaları gəlsin.

- Qocaldığınızı deyirsiz, amma Maşallah gümrah görünürsüz...


- Qocalmağıma baxmayaraq mən hələ də formadayam. Əvvəllər necə gücüm, taqətim, həvəsim və enerjim vardısa, indi də eləyəm. Sadəcə olaraq indi toylar azalıb. Ayda 5-10 toy olur, çağırırlar gedirik. Əlbəttə əvvəllər olduğu kimi ayda 25 toya getmirəm. İndi heç elə müğənni də yoxdur. Ən populyar müğənnidən belə soruşanda deyir ki, 8-10 toya gedirəm. O vaxt şadlıq sarayı az idi. Amma indi çoxdur. Seçim imkanı var.


- Səməd Səmədovu niyə bu qədər çox istəyirlər?


- Açığını desək bir həqiqət var. Məni toylara super oxuyan olduğuma görə çağırmırlar. Məndən qat-qat yaxşı oxuyanlar var. Həmişə də məndən yaxşı oxuyanlar olub. Lakin toylarda mən özümü çox sadə aparıram. 20 ildir "Toylar kralı” adını daşımışam. İndi də Xalq artistiyəm. Lakin özümü heç vaxt dartmamışam. Yaşlı ilə yaşlı, gənclə gənc, uşaqla uşaq kimi rəftar etmişəm və indi də eləyəm. Çalışıb hamının könlünü almışam. Kim mənə yaxınlaşıb, hansısa mahnını oxumağımı xahiş edib, canla-başla ifa etmişəm. Gözləməmişəm çıxarıb qabağıma pul atsınlar, sonra oxuyum. Yəni həyatda necə sadəyəmsə, toyda da özümü elə aparıram. Ona görə də camaat məni çox istəyir, qocalmağıma baxmayaraq indi də məni məclislərə dəvət edirlər. Toylara, kiçik toylara, ad günlərinə də gedirəm. Lakin yenə də deyim ki, əvvəlki kimi toyların sayı çox deyil.

- Deyirlər ki, Səməd Səmədov kimi toyunda iştirak edirsə, ilk övladı oğlan olur. Deyilənlərə görə, siz toylarda bəylə gəlinə ilk övladı oğlan uşağı arzulayırsız və deyirsiz ki, mən dedimsə elə də oalcaq... 

- Mən toyda deyirəm ki, Allah gələn il bu vaxtı bəylə gəlinimizə bir övlad qismət eləsin. Oğlan, yaxud qız, fərqi yoxdur. Elə deyil, mən heç vaxt deməmişəm ki, Allah gələn il bəylə gəlinimizə oğlan qismət eləsin. Bunu deməmişəm. Vallah-Billah elə deməmişəm heç vaxt. Axı mən Allahdan güclü deyiləm axı. Tanrı nə məsləhət görürsə, onu da verir. Mən Allahın yanında qarışqayam, qarışqadan da balacayam. Bu üzdən heç vaxt belə demərəm.

- Toylarda işlətdiyiniz sözlər var. indi də el arasında zərb-məsələ çevrilib. Bu barədə nə deyə bilərsiz?

- Mən bütün dünyanı gəzmişəm. Haralarda olmamışam? Bütün Rusiyanı gəzmişəm. Türkiyə, İsrail, Almaniya, Amerika və s. ölkələrdə yaşayan azərbaycanlıların toyunda iştirak etmişəm. Mənimlə görüşəndə demirlər ki, Səməd müəllim, salam. Məni görən kim hamı "Səməd dedi, qurtardı”, "Samed skazal, tak i budet”, "Samed skazal, Samed zdelal” - deyə qışqırırlar. (gülür) Bu sözlər həmişə gündəmdə olub, inanıram ki, məndən sonra da deyiləcək. Toylarda, görüşlərdə, məni görəndə salam-zad da vermirlər. Məni görən kimi həmin sözləri qışqırırlar. Elə mənə də xoş gəlir. Həmin sözləri toylarda işlətmişəm. Bəylə gəlinə övlad diləmişəm və sonra da demişəm ki, "Samed skazal, tak i budet” və s. Bu sözlər insanlara o qədər ləzzət edib ki, dillərə düşüb. Sonradan "Parni i Baku” (Bakılı oğlanlar) komandası işlətdi. Bu sözlər bütün dünyada məşhurlaşdı. Xaricdən belə dostlar zəng vuranda salam vermirlər, onun əvəzinə bu sözləri deyirlər.


- Özünüzə xoşbəxt müğənni deyə bilərsinizmi?

- Mən Səməd Səmədov taleyimə qurban olum. Həqiqətən də çox xoşbəxt insanam. Gözümü açıb musiqiçilərin içində olmuşam. Əli Mirəliyev bunu hər yerdə deyir ki, "Ay camaat. İnanım mənə, Səməd Səmədov oxuyan deyil, Səməd Səmədov ionika çalandır”. Əli düz deyir. O  vaxt həqiqətən də toylara çalğıçı kimi getmişəm. Sonradan toylarda oxumağa başladım, get-gedə məşhurlaşdım. Əməkdar artist, Xalq artisti oldum. Xalqın sevimlisinə çevrildim. Dövlət tərəfindən yüksək qiymətləndirildim. Əslində elə də olmalıydı. Çünki musiqiçi ailəsində böyümüşəm. Babam tar çalırdı, nənəm qarmon ifa edirdi. Dayılarım, əmilərim musiqiçi idilər. Anam, atam Moskvada musiqi Konservatoriyasını bitiriblər. Atam skripka, anam piano üzrə bitirib. Mən belə valideynlərin övladıyam. Ona görə də, mən zirvələrdə olmalıydım.

- Söhbət Əli Mirəliyevdən düşdüsə o, imkan düşdükcə sizi pisləyir. Siz onun barəsində nə deyə bilərsiz?

- Əli Mirəliyevin həmişə "Səməd oxuya bilmir" deyir. Lakin şou proqramlarının birində birgə olduq. Orada bildirdi ki, Səməd kimi toy aparan yoxdur. "Mən oxumuşam, heç kim ayağa durmayıb. Amma Səməd oxuyub hamı ayağa durub oynayıb”, - deyib. Həqiqətən də elədir. Allah Əli Mirəliyevin canını sağ eləsin. Nə qədər Əli Mirəliyev var. Səməd Səmədov həmişə zirvədə olacaq. Həmişə yaxşının dalınca danışıblar, danışırlar və danıaşcaqlar. Deməli mən yaxşıyam ki, dalımca danışırlar.

- Gələn il 70 yaşınızı qeyd edəcəksiniz. Bu illərdən sizin üçün ən yadda qalanları hansılar olub?

- Bu 70 ildə 3 il həmişə yadımdadır. Həmin illər mənim üçün çox önəmli olub. 20 il bundan qabaq İlhamə Quliyeva mənə "Toylar kralı” titulunu verdi. 3 il bundan əvvəl əməkdar artist adını aldım. Keçən il isə xalq artisti adına layiq görüldüm. Bu 3 hadisə həyatımda ən zirvəli günlər olub.


- İlk dəfə oxuduğunuz toy və həmin il yadınızda qalıbmı?


- İlk apardığım toy yadımdadır. İstər-istəməz müğənni olmalıydım. Böyük musiqiçilərin içində olmuşam. Korifey insanlarla işləmişəm. İlk toyum 30 il bundan əvvəl Səadət sarayında olub. Həmin toy mənim üçün vizit kartı oldu. Bu səbəbdən də, həmin ili, həmin toyu heç vaxt unutmayacağam.

Ziya Səccad
BAKU.WS