VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gənc Tamaşaçılar Teatrının aktrisası, hal-hazırda isə sənətini Türkiyədə davam etdirən Nigar Bahadırqızı Milli.Az-a müsahibə verib. 
 
BAKU.WS sözügedən müsahibəni təqdim edir.

- Nigar xanım, ailə həyatı qurandan sonra Türkiyəyə köçdünüz. Bu günlərdə isə Bakıya gəlmişdiniz. Bakıya gəlişinizin əsas səbəbi nə idi?

- Bəzi işlərimə görə Bakıya gəldim. Yaxınlarımı, əzizlərimi gördüm. Mən sənətimi Türkiyədə davam etdirirəm. Bakıya gəlmişkən dedim, bir fotosessiyaya da çəkilim. Bilmirəm, necə alınıb. Yəqin ki, tamaşaçılar baxıb qiymət verərlər.

- Bir az cəsarətli fotosessiyadır. Qınaqdan qorxmursunuz?

- Mən də cəsarətli aktrisayam (gülür). Bakını çox sevirəm. İnsan qərib yerdə olanda doğulub boya-başa çatdığı yerlər üçün çox darıxır. Mən də bir bakılı qızı kimi, şəkillərimin qardaş ölkədə xatirə qalmasını istədiyim üçün fotosessiya çəkdirdim.

- Nə vaxtsa bir zamanlar çalışdığınız Gənc Tamaşaçılar Teatrına birdəfəlik qayıtmaq fikriniz varmı?

- Fikrim var. İnşallah, ən yaxın zamanlarda teatra qayıdacağam. Səhnə üçün çox darıxmışam.

- Teatrda və kinoda aktrisalarımızın cəsarət edib oynamadığı bir çox rolları oynamısınız. Zaman-zaman qınaqlara da məruz qalmışdınız. Ümumiyyətlə, insanların fikri sizin üçün nə dərəcədə maraqlıdır?

- Mən sadəcə üzərimə düşən rolu ifa etmişəm. Hər insanın bir sənəti var, aktrisalıq da mənim sənətimdir. Mənə ailəmdən başqa heç kimin fikri önəmli olmayıb. Sənətimi sevmişəm, sevirəm və sevəcəyəm. Hər zaman səhnə mənim üçün hər şeydir.

- Xəbəriniz varmı ki, siz gedəndən sonra teatrda rollarınıza kim sahib çıxıb?

- Var, təbii ki və hər birinə bol-bol uğurlar arzu edirəm. Hər kəs rolu özünə uyğun ifa edir. Görməsəm də, gözəl oynadıqlarına əminəm.

- Teatrdan gedərkən sevinən olmuşdu?

- Bilmirəm ki. Bəlkə də, olmuşdu, bəlkə də, yox. Heç hiss etdirməmişdilər.

- Hansı rollarınızı tez-tez yada salırsız?

- Bütün rollarımı sevərək oynamışam deyə hamısı mənə əzizdir. Hamısını xatırlayıram. Ən əsası isə tamaşaçılar məni və rollarımı unutmayıblar. Bu mənim üçün daha xoşdur.

- Siz Türkiyəyə köçəndə çox insan dedi ki, həyat yoldaşınız sənətdən ayrılmağınızı tələb edib. Həqiqət idi?

- Xeyr, bu belə deyildi. Həyat yoldaşım məni səhnədə görəndə deyirdi ki, "səninlə qürür duyuram". Məndən daha çox, o istəyir ki, yenidən səhnəyə çıxım. Çox yaxın zamanda yenidən səhnədə olacağam. Əvvəllər tək anam mənim dəstəkçim idi, indi isə həm anam, həm də həyat yoldaşım. Allah onları mənə çox görməsin. Mən həm həyatda, həm də sənətdə onlardan güc alıram.

- Ev xanımı olmaq gözəldir, yoxsa səhnədə?

- Hər ikisi gözəldir. Şükürlər olsun ki, ikisini də bir araya gətirə bilirəm. Türklər demiş, "Kariyer de yaparım, aile de" (gülür).

- Türkiyədə olarkən Bakıdakı dostlarınızdan vəfasızlıq gördünüzmü?

- Çox vəfasızlıq gördüm və son 6 ayda çox insanı həyatımdan sildim.

- Sənət dostları idimi?

- Sənət dostları da vardı, digər sahədən olanlar da. Məndən istifadə edən bəzi insanları həyatımdan çıxartdım. Nə qədər az insan, bir o qədər az problem. Allah mənə imkan yaratdı ki, hər kəsin əsl simasını görüm. Çox şükür, gördüm.

- Bəs siz necə, dostluqda sədaqətlisiz?

- Mən dostlarım üçün canımı belə verməyə hazır olan bir insanam. Amma qarşı tərəfdə səhv gördüyümdə o insan gözümdən düşür. Daha da gözümdən düşməməyi üçün o insanı həyatımdan uzaq tuturam.

- Bu illər ərzində sizdə nələr dəyişdi?

- İllər keçdikcə insan istər-istəməz dəyişir. Çox böyük bir dəyişiklik yoxdur. Sadəcə insanlara inamım azalıb.

- Siz "Xoca" filminə görə kütlə içərisində daha da çox tanındınız. Oradakı rol kimi kinoda ikinci bir obrazınız olmayıb?

- "Xoca" mənim həyatımın filmidir. Qismət elə oldu ki, bu rolu mən oynadım. Bəlkə, başqası daha yaxşı oynaya bilərdi. Amma qismət mənim imiş. Sənətdə şans önəmlidir. Kinoda rollarım olsa da, bu rolum qədər sevilməyib.

- Tənqidlərə münasibətiniz necədir?

- Tənqid çox gözəldir, kimsə bu haqda danışırsa, demək ki, ortada bir iş var. Hər kəs özünə görə haqlıdır. Hər kəsin fikri eyni ola bilməz. Biz insanlar fərqli-fərqli düşünürük.
 
BAKU.WS