SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Rəqsanə İsmayılova teleqraf.com-a müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. 

- Rəqsanə xanım, yay istirahətinizi necə keçirəcəksiniz? 

- Yayda istirahət etməyəcəm, çünki oktyabrda Heydər Əliyev Sarayında iki günlük konsert proqramı ilə çıxış edəcəm. Bu yay bütün günü məşqlərimiz olacaq. Bilirsiniz ki, Yaşıl Teatrda konsert verdim. Orada saçımın modeli böyük səs-küy yaratdı. Bu dəfəki konsertimdə də qeyri-adilik olacaq. İndiyədək ifa etmədiyim janrlarda mahnılar dinləyəcəksiniz. 

Səhnə performansı, geyimlər çox fərqli olacaq. İnşallah, görəcəksiniz... Əvvəlcədən detalları açıqlamaq istəmirəm. Sarayın  rəhbərliyinə təşəkkür edirəm ki, bizə iki günlük vaxt ayırdılar.

- Oruc tutursunuz? 

- Düzünü deyim, 10 ildir oruc tuturdum. Bu il arıqlamaq üçün çox ağır dietadayam. 17 kiloya qədər çəki vermişəm, ona görə oruc tuta bilmirəm. Onsuz da mən yemək yemirəm. Amma bu il konsert üçün gərgin məşqlərə görə oruc tuta bilmirəm. 
 
- Qızınız Aysunun "həri"si oldu...

- Bəli, "həri"sini verdik. Hələ nişan olmayıb. İnşallah, iyunun 28-də üzük taxılacaq. Həmin gün kiçik qızım Yağmurun ad günüdür. 

- Nişan Bakıda, yoxsa Türkiyədə baş tutacaq?

- Nişan qız evində olur (gülür). Təbii ki, qızımın nişanı Bakıda olacaq.

- Bir müddət əvvəl bildirmişdiniz ki, Aysuna dörd gün toy edəcəksiniz...

- Bəli, Aysuna dörd gecə toy edəcəm. Bizim şou-biznes toylarında çox qonaqlar olur, aləm qarışır, yazıqlar yemək də yeyə bilmirlər. Ona görə də qohum-əqrəba, şou-biznes, xına mərasimi üçün üç gün toy,  dördüncü gün üçün də fikirləşərik... 

- Qızınızın toyu mediaya açıq olacaq?

- Kimsə deyir ki, mənim məclisim qapalı keçəcək, mətbuat nümayəndələri iştirak etməyəcək. Amma sabah görürsən ki, məclisində olan qohumlar saytlardadır. Niyə kiminsə xətrinə dəyim ki... Onsuz da nəyim varsa ortalıqdadır. Heç nəyi gizlətmirəm. Qızımın toyu bütün mediaya açıq olacaq. Jurnalistlərin hamısını  dəvət edəcəm. 

- Depressiyaya meyilli insansınız?

- Tez-tez depressiyaya düşmürəm. Düşəndə də çətin çıxıram. Məsələn, məni pulumun azlığı depressiyaya sala bilər, pulum kasad olsa ölərəm. Mənim pulqabımda ən azı 1000 manat olmalıdır, yoxsa həmin gün depressiyaya düşürəm. Bu, məndən asılı deyil. Həqiqətən, beləyəm... Əkizlər bürcüyəm və bu bürcün nümayəndələri təklikdən qorxan olurlar. Mən də təklikdən qorxuram. Evimdə heç vaxt tək qala bilmərəm, ürəyim partlayıb ölə bilərəm. Evdə adam olmalıdır, səs eşitməliyəm. 

Sevgidən depressiyaya düşmürəm. 37 yaşıma keçmişəm, bu yaşıma qədər heç kim tərəfindən atılmamışam. Ancaq kimisə mən təpik vurub atmışam. Məndən ayrılmaq mümkün deyil. Gedənlərim hamısı yalvarıblar. Həyat yoldaşım da məni heç vaxt atmaz. Çünki məni çox sevir. 

- Heç zaman həyat yoldaşınızla bir arada görsənmirisiniz. Sizi birlikdə görmək mümkün olacaqmı?

- Biz Bakıda həyat yoldaşımla hər zaman birlikdə oluruq. Sadəcə, siz görmürsünüz.
 
- Həyat yoldaşınız Azərbaycanda yaşayır? 

- Yayı Bakıda olur. Saat 10-11-də bizi birlikdə görə bilərsiniz (gülür). Türklərdə media nümayəndələri restorana pul verirlər ki, məşhurlar gələndə xəbər etsinlər... Dediyim kimi, iyunun 28-də Yağmurun ad günü olacaq. Mayın 25-də isə mənim ad günüm idi, amma qeyd etmədim. Həyat yoldaşımı Yağmurun ad günündə görə bilərsiz... 
 
BAKU.WS