SİZİN REKLAM BURADA!
055 213 76 73



Aprelin 2-dən başlayaraq, cəbhə bölgəsində vəziyyət gərginləşdi, işğal olunmuş torpaqlar uğrunda gedən döyüşlərdə əsgərlərimiz şəhid oldular. Bu ərəfədə sənət adamlarının cəbhə bölgəsinə yollanması və orada konsertlər verməsi insanlar tərəfindən birmənalı qarşılanmadı. Bir qrup şəxs ağır günlərdə müğənnilərin konsert verməsinə qarşı çıxdı və bildirdilər ki, əsgər yoldaşı şəhid olmuş insan üçün əyləncə qurmaq doğru deyil. İkinci qrup insanlar isə müğənnilərin cəbhəyə getməsini alqışladı və onların bu addımını əsgərlərə dəstək kimi qiymətləndirdi. Bəs, müharibə başlayarsa, hansı sənət adamı həqiqətən döyüşə gedər? 

BAKU.WS məlumat verir ki, musavat.com şou əhli arasında sorğu keçirib və onlardan özlərini orduya yararlı sayıb-saymadıqlarını soruşub. 

Müğənni Səməd Səmədov müharibə olarsa, ordu sıralarına qoşulmağa hazır olduğunu deyib:
 
"Vətənpərvərlik canda, qanda olur. Müharibə başlayarsa, mən də getməyə hazıram. Bir çox həmkarlarımız cəbhə xəttinə getmişdi. Nədənsə bu, cəmiyyətimizin bəzi nümayəndələrinin xoşuna gəlmədi. Amma mən həmkarlarımın bu addımını dəstəklədim. Özüm də əsgərlərə dəstək oldum. Vətən uğrunda ölən varsa, vətən var. Allah şəhidlərimizə də rəhmət eləsin. Düşünürəm ki, şəhidlər ölmürlər, onlar daim yaddaşda qalacaqlar”. 

Şoumen Kamran Həsənli bildirib ki, orduya yararlı hər kəs müharibədə iştirak etməlidir: 

"Müharibə olarsa, böyük məmnuniyyətlə döyüşə gedərəm. Gec-tez savaş olmalıdır. İndi tam zamanıdır. Hazırda ermənilər bizdən qorxur, başa düşürlər ki, güclü ordumuz, kadrlarımız, silahımız var. Müdafiə nazirimiz Azərbaycan tarixində ən uğurlu hərbçilərdən biridir. Orduya yararlı hər kəs savaşda iştirak etməlidir. Məsələni birdəfəlik həll etmək lazımdır. Bu yolda şəhid verilirsə, zəfər də qazanmalıyıq”. 

Şoumen cəbhə bölgəsində konsert verən müğənnilərə də münasibət bildirib: 

"İndi konsert vaxtı deyil. Əsgərin ocaq başında atılıb-düşərək, rəqs etməsinin əleyhinəyəm. Uniformalı adam rəqs etməz. Elə mahnılar, sözlər var ki, əsgərlərə deyilməlidir. Mən cəbhəyə gedib, saatlarla tariximizdən, şərəfli yolumuzdan, üzərimizə düşən vəzifədən danışaram. Açıq-saçıq geyimli, toy ab-havalı qadınların uniformalı əsgərlərin qarşısında mahnı oxuyub, rəqs etməsinin əleyhinəyəm”.
 
Aprelin əvvəllərində cəbhədə gedən atışmalar zamanı əsgərləri ziyarət edən rəqqasə Fatimə Fətəliyeva müharibə olarsa, orduya əlindən gələn köməyi etməyə hazır olduğunu deyib:
 
"Evimdə gələcəyin əsgərini böyüdürəm. Bunun üçün də özümü çox xoşbəxt ana hesab edirəm. Cəbhə bölgəsində gərginlik yaşananda oraya yollanan bir neçə sənətçi arasında mən də var idim. Bizim bu addımımız birmənalı qarşılanmasa da, əsgərlərin yanında olmağı özümə borc bildim. Mən vətənimi sevirəm, müharibə olsa, cəbhə bölgəsinə yollanaram, bacardığım köməyi edərəm. Əsgər olub, döyüşə bilməsəm də, əlimdən gələn köməyi əsirgəmərəm. Əsgərlərə qulluq edərəm, yemək bişirərəm, paltarlarını yuyaram”.
 
Müğənni Nadir Qafarzadə bildirib ki, müğənninin silahı mikrofondur: 

"Mən realist adamam. Xoşlamıram ki, öncədən nəsə deyim. Hazırkı vəziyyətdə müğənni olaraq, əlimdən gələn nədirsə, onu da edirəm. Müğənnin silahı mikrofondur. Bir müddət öncə həmkarlarımla bərabər cəbhə bölgələrinə yollandıq, əsgərlərimizə mənəvi kömək olduq. Bu addımım isə cəmiyyətdə birmənalı qarşılanmadı. Müzakirə, hətta bizi təhqir edənlər də oldu. Amma vətənpərvərliyin reklamı olmur. Müharibə ilə bağlı suala gəldikdə isə, hər şeyi zaman göstərəcək. Öncədən "mən-mən” demək mənlik deyil”. 

Müğənni Nazənin bildirib ki, əsgərlərin qulluğunda dayanmağa hazırdır:
 
"Nə olsun ki, biz müğənniyik? Bizim adi insanlardan fərqimiz odur ki, tanınmışıq. Amma bir qadın olaraq, vətən üçün ölümə də gedərəm. Döyüşə yararlı olsam, ön cəbhədə vuruşmaq istəyərəm. Olmasam, arxa cəbhədə əsgərlərə qulluq edərəm. Bu, boğazdan yuxarı deyilən sözlər deyil. Bu yaxınlarda atəşkəs pozulanda mən gecələr yatmırdım. Əsgərlərimiz üçün Allaha dua edirdim. Cəbhədən yeni məlumatları saytlardan oxuyan kimi dərhal "İnstagram” səhifəmdə izləyicilərimlə bölüşürdüm ki, onlar da xəbərdar olsunlar. Hətta ordumuz şəhid verdiyi gündən sonra "DTV” telekanalında aparıcısı olduğum "Nazilə” şousunun yayımını bir neçə həftə dayandırdıq. Çünki mən o halda efirə çıxıb mahnı oxuya, veriliş apara bilməzdim”.
 
BAKU.WS