SİZİN REKLAM BURADA!
055 213 76 73


Özünüməşğulluq proqramına qoşulan Yelo Bank növbəti dəfə aztəminatlı, əlilliyi olan şəxslərə və məcburi köçkünlərə dəstək oldu. Bu kateqoriyadan olan üç vətəndaş bank tərəfindən təmənnasız olaraq bərbərlik fəaliyyəti ilə məşğul olmaq üçün ləvazimat və avadanlıqlarla təmin olunublar. Bundan əvvəl isə Yelo Bank Bakı, Göygöl və Bərdədən olan üç sakinə dərzilik və mebel kəsimi üçün avadanlıqları və ləvazimatları təqdim edib.

Əhalinin həssas qrupuna dəstək olmaq bankçılığa parlaqlıq qatan bir bank üçün olduqca vacib məsələdir. Biz məsələyə yalnız korporativ sosial məsuliyyət prizmasından yanaşmırıq. Görülən tədbirlərin əsas məqsədi öz biznesini qurmaqda çətinlik çəkən şəxsləri kiçik sahibkara çevirməkdir.

Həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində kurslara cəlb olunub və kursu bitirdikdən sonra şəhadətnamə alıb.

Usta işi – İşin əsl ustası

Avqustun əvvəlində Lənkərandakı yeni filialımızda aparılan işlərlə tanış olmağa gedirdim. Düşündüm ki, faydalı ilə göz oxşayanı birləşdirməyin əsl vaxtıdır. Həm yeni filialı görmək olar, həm də özünüməşğulluq proqramı çərçivəsində Qəzənfər Rəhmanova bərbərlik ləvazimatları və avadanlıqlarını təqdim etmək olar. Cənub incisi olan Lənkəranın təbiəti hər zaman eynimi açıb. Amma bu dəfə bambaşqa idi! Çünki şəhərin mərkəzində parlaqlığı ilə fərqlənən filialımızı gördüm. Filiala baxıb xəyallara dalmışdım ki, telefonumun zəngi məni reallığa qaytardı. Qəzənfər bəy şirin cənub ləhçəsi ilə məni Girdəni kəndinə istiqamətləndirdi. Təxminən 15 dəqiqə sonra onun həyət evinin darvazasından içəri girdim. Hal-əhval tutduqdan sonra məni həyətinin hasarına bitişik olan bərbərxanası ilə tanış etdi.

Öz əlləri ilə düzətdiyi obyektdəki səliqə diqqətimi cəlb etdi. "Əgər bərbərliyiniz də ustalığınız kimidirsə, gərək biz saçımızı kəsdirmək üçün ayda bir dəfə Bakıdan Lənkərana gələk", - deyə zarafat etdim. Zarafatı qiymətləndirdi və belə cavab verdi: "Həyat bizə hər işi görməyi öyrətdi". Bir müddət sonra bu sözlərin səbəbini öyrənəcəkdim. Hələlik, isə ustalığından danışım. Bu qədər səliqəli usta işi az-az görmüşdüm. Bərbərliyinə gəlincə, dediyinə görə, Girdənidə başqa usta tanımırlar. Söhbət bərbərliyə 22 ilini verən bir adamdan gedir!

Ləvazimat və avadanlıqları təhvil verdikdən sonra xatırlatdım ki, bunlar iki il ərzində bankın aktivləri hesab olunur, həmin müddətdən sonra isə təmənnasız olaraq vətəndaşa qalır. Növbə müqaviləni imzalamağa çatdı. Məlumatları alaraq xanaları doldururdum. Qəzənfər bəyin atasının adını soruşdum. Ardınca yaranan dialoq məni çox təsirləndirdi:

  • "Bəyin oğurlanması" filminə baxmısan, qardaş?
  • Bəlkə 20 dəfə…
  • "Detdom uşaqlarının atası olmur, naçalnik"… Yadındadı bu səhnə?

Cavab verməyə söz tapmadım. Bir az öncə dediyi "həyat bizə hər işi görməyi öyrətdi" sözlərinin mahiyyəti mənə aydın oldu. Yeri gəlmişkən, "detdom" dediyi yerdə o yalnız həyatı deyil, gələcək həyat yoldaşını da sevib. Elə oradaca ailə həyatı quran cütlük illərdir bütün çətinliklərin öhdəsindən birgə gəlir. Həmsöhbətimin həm də III qrup əlilliyi var. Onun qalın kitaba bərabər "həyat əsəri"ni xeyli dinlədim və Bakıyadək hər çətinliyə "ağ bayraq" qaldıran insanları anlamağa çalışdım.

"14-CÜ ADAM"

Qəzənfər bəy kitablara düşəcək bir həyat yaşadığı halda, dəstək olduğumuz digər şəxsin - məcburi köçkün Baxış Sadıqovun əlindən kitab düşmür. Onunla görüşəndə sanki bərbərxanaya deyil, kitabxanaya gəlmişdim. Əslində daha öncə telefonla danışarkən səlis nitqi diqqətimi çəkmişdi. Kitab rəfinə göz gəzdirəndə məlum oldu ki, hər üç kitabdan ikisi Elxan Elatlının müəllifi olduğu əsərlərdir. Söhbətimizə də elə kitablar barədə başladıq:

- Detektivə sevgi haradandır?

- Məncə kitab seçimində oxucunun xasiyyəti öz sözünü deyir. Çünki kitab sənin həmsöhbətindir. Söhbətiniz tutmazsa, söhbət yarımçıq qalar.

- Elxan Elatlı ilə yarımçıq qalan söhbətiniz olub?

- Xeyr. Bütün kitablarını sonadək oxumuşam.

- Ən sevdiyiniz kitabı hansıdır?

- "14-cü adam"...

Bilmirəm, bu, adi təsadüfdür, ya yox, amma Baxış Sadıqov bizim siyahımızda məhz 14-cü adam idi!

Söhbətimiz davam edir:

- Niyə məhz "14-cü adam"? Axı, məsələn, "Bakıdan gələn xəfiyyə" sırf detektiv ab-havasına uyğun kitabdır.

- Süjet xətti çox maraqlıdır. Mən də evin tək oğluyam. Oxuyandan sonra anladım ki, bir gəncin səhvi onun həyatını necə alt-üst edə bilər. Üstəlik, kitabda Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plandadır.

- Kitabları niyə evdə yox, məhz burada saxlayırsan?

- Müştərilər gözləyən zaman vərəqləyirlər. Hətta götürürlər və oxuduqdan sonra qaytarırlar. Bir də gördün ki, saç kəsdirmək yaddan çıxır, hansısa kitabı müzakirə edirik. A kişi, qırğın düşür...

Baxış deyir ki, pandemiya səbəbindən bərbərlərin fəaliyyətinə bir müddət icazə verilmədiyi üçün bol-bol kitab oxumağa fürsət tapdı. Düzdür, müştəri sarıdan şikayəti yoxdur. Məhəllə əhli başını başqasına etibar etməz. Pandemiyadan söz düşmüşkən, sterilizasiya aparatı ilə təchiz etdiyi üçün Yelo Banka xüsusi təşəkkür etdi. Deyir ki, indiki durumda bu aparat hər bərbərin əlinin altında olmalıdır.

Çox maraqlı həmsöhbətdir Baxış. Bir kitabını da mən götürdüm. Təbii ki, Baxışın tövsiyəsi ilə. Söhbət Ernest Heminqueyin "Əlvida, silah!" kitabından gedir. Onunla yenidən görüşəcəyimə söz verdim. Əlbəttə, yalnız kitabı qaytarmaq üçün yox, eyni zamanda müştəri qismində. Şübhə etmirəm ki, kitab mövzusunda da xeyli "qırğınlar"ımız olacaq.

Sonda xatırladaq ki, Yelo Bank layihə çərçivəsində xeyli vətəndaşımıza dəstək olmağı planlaşdırır. Şübhə etmirik ki, onlar da Qəzənfər Rəhmanov və Baxış Sadıqov kimi işinin ustası və onlar qədər maraqlı insanlardır.

İlkin Əhmədov,

Bakı-Lənkəran-Bakı

BAKU.WS
QALEREYA