SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Almatıda Qazaxıstanın turizm operatorları və agentləri üçün Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirmişdir.  

 “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, AZAL-ın Marketinq və İstehsalat İdarəsinin rəhbəri Fuad Yusifov giriş nitqi ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Milli aviadaşıyıcının yeni istiqaməti olduqca uğurludur, hər yeni aviareys ilə hər iki istiqamət üzrə sıxlığın artması müşahidə olunur.

Onun sözlərinə görə, Bakı-Almatı-Bakı aviareysləri həftədə iki dəfə həyata keçirilir. Bakıdan uçuş həftənin çərşənbə axşamı və şənbə günləri, Almatıdan uçuş isə çərşənbə və bazar günləri yerinə yetirilir. AZAL-ın Qazaxıstanda baş tərəfdaşı qismində “Nur Ai & Co” turizm şirkəti çıxış edir.
    
Tədbirdə həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev və Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri Əbülfəz Xamedov çıxış etmişdirlər. Onlar çıxışlarında qeyd etmişdirlər ki, yeni istiqamətin açılması turizmin və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.

AZAL-ın marşrut şəbəkəsinin inkişafı üzrə meneceri Ruslan Abdullayev öz təqdimatında sərnişinlər və turagentlər üçün üstünlüklər barədə danışmışdır. Azərbaycanın turizm imkanlarını Azərbaycan Turizm Bürosunun MDB ölkələri üzrə regional meneceri Fidan Axundzadə və “Silk Way Travel” şirkətinin daxili turizm üzrə mütəxəssisi Nərminə Ağayeva təqdim etmişdir.  

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq, Qazaxıstanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırmışdır.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”, Heydər Əliyev Beynəlxalq Aeroportu və SW Travel turizm şirkəti həmçinin öz stendləri ilə aprelin 17-dən 19-dək Almatıda keçirilən KITF-2019 turizm sərgisində təmsil olunmuşdurlar.
BAKU.WS
QALEREYA