VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Martın 11-də “CinemaPlus Gənclik Mall” kinoteatrında “Cinemazadeh” istehsalı olan və Turkiyədə çəkilmiş “Çat Kapı Aşk” romantik filmin mətbuat konfransı keçirilib.


BAKU.WS-in məlumatına görə, mətbuat konfransında Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.


Cəfər Axundzadə bildirib ki, filmin İstanbulda çəkilməsinə səbəb Azərbaycan kinosunun coğrafiyasını genişləndirməkdir:

“Türkiyə qardaş ölkə olduğundan dillərin oxşarlığı işimizi daha da rahatlaşdırdı. İlk Azərbaycan filmi olacaq ki, ölkəmizlə yanaşı, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunacaq. Bu film həm də ölkədən kənarda çəkdiyimiz ilk ekran işimizdir. Çəkilişlər bir aydan çox çəkdi, ancaq ortaya gözəl nəticə çıxdığına inanıram".


Nergis Kumbasar Bakıya üçüncü dəfə gəldiyini bildirib:

"İlk dəfə işlə əlaqəli burada olmuşam. İkinci dəfə qızım və yaxın rəfiqəmlə tətil üçün gəldik. İndi də qala üçün gəlmişəm. Hər dəfəsində Bakı o qədər xoşuma gəlir ki, bütün dostlarıma, yaxınlarıma bura gəlməyi məsləhət görürəm. Paytaxtın mənə bu qədər doğma gəlməsi təsadüfi deyil. Çünki babam azərbaycanlı, nənəm isə rus olub. İnsanlarınız olduqca mehribandırlar".

Filmin rejissoru Erhan Baytimur, ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operatoru isə Ömer Yılmazdır. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadə məxsusdur.



Film haqda qısa məlumat: Bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Film martın 7-dən etibarən Azərbaycan, Türkiyə və Avropa kinoteatrlarında numayiş olunur.

BAKU.WS