SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS-in Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir ki, son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı sahəsində də əsaslı inkişafa səbəb olub, müvafiq dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə bir sıra iri layihələr həyata keçirilib və hazırda icra olunan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması kimi sosial yönümlü layihələrin icrası istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən islahatlar və layihələr birbaşa əhalinin rifahının, sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlib. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasında olmuş və bu sahədə müntəzəm işlər həyata keçirilib.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, əhalinin sağlamlığın başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.

Həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına suölçən cihazların quraşdırılması işlərinin daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.