SİZİN REKLAM BURADA!
055 213 76 73


Bildiyiniz kimi, dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası Azərbaycanda da aşkar olunub.

Azərbaycan hökuməti bu pandemiyanın yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əməli tədbirlər görməkdədir. Elan olunmuş xüsusi karantin rejimi çərçivəsində müəyyən dövlət qurumları istisna olmaqla, bəziləri fəaliyyətini məhdudlaşdırıb və işlərini onlayn qaydada həyata keçirməyə başlayıblar.

Azərbaycan məhkəmələri də koronavirusa qarşı tədbirlər görür. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da qərar qəbul edilib.

Qərarda məhkəmələrə İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub.

Beləliklə, insan hüquqlarının qorunması və günümüzdəki pandemiya vəziyyəti məhkəmə proseslərinin onlayn təşkil edilməsinin zərurətini yaranıb. Bunun nəticəsi olaraq xüsusi karantin rejimdən məhkumların hüquqlarının qorunması məqsədilə video-konfrans vasitəsi ilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.

Bəs Azərbaycanda məhkəmə proseslərinin onlayn keçirilməsi nə vaxtdan tətbiq olunur və hansı müsbət tərəfləri var?

Məsələ ilə bağlı e-huquq.az-a açıqlama verən Baş Prokurorluğun Dövlət İttihamı İdarəsinin şöbə prokuroru Fərahim Hüseynli bildirib ki, Azərbaycanda ilk dəfə məhkəmə proseslərinin onlayn, yəni, məsafədən aparılması, təqsirləndirilən şəxslərin məhkəmələrə gətirilmədən proseslərin keçirilməsi 2018-ci ildən “Elektron məhkəmə” informasiya sistemi İşçi Qrupu tərəfindən Bakı Təcridxanası və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi arasında təşkil edilib.

F. Hüseynli qeyd edib ki, “Elektron məhkəmə” informasiya sistemi İşçi Qrupunun rəhbəri, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanovun sədrliyi ilə bir neçə cinayət işinə onlayn qaydada baxılıb.

Onun sözlərinə görə, məhkəmə iclaslarının məsafədən keçirilməsi proses iştirakçıları tərəfindən müsbət qarşılanıb:

"O vaxt onlayn prosesdə bir neçə hökm də çıxarıldı, eyni zamanda tərəflərdən hər hansı şikayət daxil olmadı. Prosessual pozuntulara da yol verilmədi".

Prokuror onlayn proseslərin üstünlüklərinə də toxunub: "Bura həm məhkəmə prosesesi tez və vaxtında aparılması, süründürməçiliyə yol verməmək, həm də dövlət büdcəsinə qənaət və təqsirləndirilən şəxsin təhlükəsizlik məsələsini aid etmək olar. Dövlət büdcəsinə qənaət dedikdə yəni, məsələn təqsirləndirilən şəxsin təcridxanadan məhkəməyə gətirilməsi, aparılması xərc tələb edir ki, onlayn məhkəmə bu xərcin qarşısını alır.

Bu məsələ Avropa ölkələrində də var. Belə ki, təqsirləndirilən şəxs özü və proses iştirakçıları etiraz etmirsə, məhkəmə iclasını onlayn keçirirlər. Açığı, bu iş 2018-ci ildə tətbiq edildi və bu gün qlobal pandemiya şəraitində İKT-nin bu vasitəsindən istifadənin nə qədər vacib olduğu bir daha özünü göstərdi".

Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Abbasov isə qeyd edib ki, məhkəmə proseslərinin məsafədən idarə olunması, yəni, onlayn formada keçirilməsi "Elektron məhkəmə" informasiya sisteminin bir hissəsidir:

"Bildiyiniz kimi, 2014-cü il 13 fevral tarixində “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

Azərbaycanda məhkəmə prosesinin onlayn formada keçirilməsi təcrübəsi ilk dəfə 2018-ci ildə Yasamal Rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanovun sədrliyi ilə baş tutub. Belə ki, bu proseslərdə təqsirləndirilən şəxslər məhkəmə zalına gətirilmir, Bakı İstintaq Təcridxanasında yaradılmış xüsusi otaqlarda məhkəmə prosesinə onlayn formada qoşulurdu. Bu proseslərdə audio və videoyazıların aparılması da ədalət mühakiməsinin obyektivliyindən xəbər verir".

Vəkil onlayn məhkəmə proseslərində müdafiəçi qismində iştirak etdiyini bildirib:

"Nümunə üçün deyə bilərəm ki, Yasamal Rayon məhkəməsində Ramin Qurnabovun sədrliyi ilə Cinayət Məcəlləsinin 306.1 maddəsinin sanksiyası çərçivəsində ittiham olunan Bayram Şəfiyevin işi aparılırdı. Təqsirləndirilən şəxs məhkəmə zalına gətiriləndə ona prosesin onlayn formada keçirilməsi təklif olundu və o da qəbul etdi.

Bundan sonra həmin iş üzrə məhkəmə iclasları onlayn formada keçirildi, eyni zamanda hökm də onlayn şəkildə verildi. Mənim iştirak etdiyim onlayn qaydada aparılan işlərdə təqsirləndirilən şəxslər Cinayət Məcələsinin 306.1, 234.1, 177.1 maddələri ilə ittiham edilirdi. Bu proseslərdə Qədirov Həzi adlı şəxs bəraət alıb. Babayev Vüqar cəza aldı, Şəfiyev Bayrama da az müddətə cəza verilib".

M. Abbasovun sözlərinə görə, bəzi hallarda təqsirləndirilən şəxslərin özləri prosesin onlayn formada keçirilməsini istəyirlər: "Onlar bir çox hallarda bunu səhhətlərində yaranmış problemlərlə əlaqələndirirlər. Eləsi var deyir ki, mən xəstəyəm, məhkəməyə gəlib-getmək istəmirəm. Şahidlərin onlayn məhkəmə prosesində iştirakına gəlincə isə, onlar hakim, katib, prokuror və müdafiəçinin olduğu məhkəmə zalında olurlar. Zalda tribuna qarşısında dayanan şahid də prosesin digər iştirakçıları kimi müvafiq ekranda görünür. Yəni, kameralardan biri də onu çəkir və təqsirləndirilən şəxs şahidi monitordan görə bilir. Nəzərinizə çatdırım ki, onlayn məhkəmə prosesində vaxt məhdudiyyəti qoyulmur".

Vəkil məhkəmə proseslərinin onlayn keçirilməsinin bir çox üstünlüklərinin olduğunu vurğulayıb:

"İlk olaraq, burada təqsirləndirilən şəxsin sərbəstliyini vurğulamaq istəyirəm. Çünki o, məhkəmə zalında olduqda yanında 2-3 komvoy taborun əməkdaşı olur, eyni zamanda zalda insanlar olduqda təqsirləndirilən şəxs özünü bir qədər narahat hiss edir. Bakı İstintaq Təcridxanasında olduqda isə otaqda sərbəst şəkildə oturur. Bəzən heç komvoy da həmin otaqda olmur və ya bir kənarda dayanır. Digər tərəfdən, məhkəmə onlayn formada olduqda təqsirləndirilən şəxs görür ki, proses audio-videoyazı ilə, yəni, şəffaf şəkildə keçirilir.

Burada təqsirləndirilən şəxsin dedikləri audio və videoyazı formasında birbaşa protokola köçürülür. Bu, məhkəməyə inamı artırır. Onlayn prosesdə nəzarət mexanizmi də güclü olur. Eyni zamanda vaxt itkisi də olmur. Bu, həm də insanları intizamlandırır. Bu zaman nə dövlət ittihamçısı, nə müdafiəçi, nə də hakim çərçivədən kənara çıxır. Digər tərəfdən təqsirləndirilən şəxsə təsir, təzyiq halları olmur. İnsan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Kimsə öz səlahiyyətini aşmır. Yəni, bütün bunlar məhkəmə prosesinin onlayn aparılmasının nə qədər faydalı olduğunu bir daha göstərir".

Onu da qeyd edək ki, cinayət işlərində təqsirləndirilən şəxslərin məsafədən dindirilməsi tərcübəsi artıq bir çox Avropa ölkəsində vardır.

BAKU.WS