SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Ermənilərlə azərbaycanlılar, sadə xalq arasında heç bir problem olmayıb. Biz dost olmuşuq və indi də yaşlı nəsil bu dostluğu davam etdirir”.

Bu sözləri Ermənistanda yaşayan Artur Xosayan adlı erməni BAKU.WS saytının əməkdaşı ilə söhbətində bildirib. Onun sözlərinə görə, hələ də Bakı və orada yaşayan dostları üçün darıxır.

"Mən özümü bakılı kimi hiss edirəm. Uzun müddət Bakıda yaşamışam. Bakıya 1971-ci ildə köçmüşdüm. Azərbaycanda çoxlu dostlarım vardı. Hərbi xidməti Bakıda keçmişəm. Bakıda dəniz limanında işləmişəm. Bu şəhər mənim uşaqlıq şəhərimdir, böyüdüyüm şəhərdir. Əli-Bayramlıda və Azərbaycanın digər rayonlarında da qohumlarım yaşayıb”, - deyə Artur Xosayan bildirib.

Onun sözlərinə görə, ermənilərlə azərbaycanlılar arasında düşmənçilik yaratmaq xüsusi planın tərkib hissəsi olub və bu iş kimlərinsə siyasi marağına xidmət edib. Artur bunun çox iyrənc siyasət olduğunu deyir:

"Əslində sadə ermənilərlə azərbaycanlılar arasında heç bir problem olmayıb. Sadəcə kimlərsə bizim düşmən olmağımızı istəyirlər. Amma ermənilərlə azərbaycanlılar arasında hazırda da problem yoxdur. Rusiyada ermənilərlə azərbaycanlılar dostluq edir. Lakin çox təəssüf ki. hazırda Ermənistan hakimiyyəti elə bir vəziyyət yaradıb ki, gənc nəsil başqa fikirlərlə böyüyür. Ermənistanın hazırkı hakimiyyətinin yaratdığı vəziyyətə görə, gənc nəsil azərbaycanlılara nifrət edir. Lakin azərbaycanlıları yaxşı tanıyan ermənilər belə düşünmürlər. Heyif ki, gənclər azərbaycanlıları yaxşı tanımır. Yoxsa onları sevərdilər. Siyasətin nəticəsində təəssüf ki, gənc nəsil bir-birilərinə nifrət edəcəklər”, - deyə Artur Xosayan qeyd edin.

Arturla söhbət zamanı onun Azərbaycan dilini yadda saxlayıb-saxlamadığını soruşduq. Sualın cavabında bildirdi ki, danışmağa adam tapa bilmədiyi üçün unudub.


"Əvvəllər azərbaycan dilində bir az bilirdim. İndi demək olar ki, yadımdan çıxıb. "Çox sağ ol”, "Qoy gedək”, "gərək” sözləri yadımda qalıb”, - deyə Artur Xosayan vurğulayıb.


Artur Xosayan azərbaycanlılarla bağlı çoxlu xoş xatirələrinin olduğunu bildirib. O, hələ də həyatda qaldığı üçün azərbaycanlı həkimə minnətdar olduğunu xüsusilə vurğulayıb: "Mən Bakını 1985-ci ilin yay ayında tərk etmişəm.  Ordan çıxmamışdan əvvəl, "Qara şəhər” adlanan ərazidə yaşayırdım. Orda xəstələndim. Məni azərbaycanlı həkim müalicə etdi. Adını indiyə qədər xatırlayıram. Pənahəli deyə çağırırdılar”.


Artur deyir ki, Azərbaycan saytlarını ara-sıra oxuyur və Bakı ilə bağlı xatirələrini canlandırır. O, Azərbaycan saytlarının Ermənistanda da maraqla oxunduğunu bildirib: "Ermənistanda ən çox "vesti.az”, "haqqın.az” saytlarının daha çox tanınır və izlənilir. Erməni saytlarından isə ən çox "news.am” baxımlıdır. Həmin sayta sizin yerlilər də şərh yazırlar”.


Söhbət zamanı Artur Xosayan Ermənistanda yaşayışın çox pis olduğunu da bildirib. Onun sözlərinə görə, Ermənistanda ərzaq bahadır. Üstəlik işsizlik əhalinin yaşayış səviyyəsini iflic edib.


"Mən özüm İrəvandan (Yeravan) getmək istəyirəm. Burada iş yoxdur. Gənclər birtəhər iş tapıb, dolana bilirlər. Lakin çox çətindir iş tapmaq. Bizimkilər Rusiyaya və Amerikaya çox gedirlər. Mən özüm Moskvaya getmək istərdim. Yeni ildə Moskvada idim. Ora çox ucuzluqdur. Super aksiyalar olur. Bir sözlə yaşayış əladır”, - deyə Artur bildirib.


Ermənistanın paytaxtı İrəvan şəhərində  bəzi ərzaq məhsullarının qiymətlərini təqdim edirik: Mal ətinin bir kiloqramı 7 dollar, qoyun ətinin kilosu 8 dollar, toyuğun kilosu 3,5 dollardır. Orada şəkər tozunun kiloqramı 70 sent, kərə yağı isə 7,5 dollardır. Arturun dediyinə görə, Ermənistanda orta aylıq əməkhaqqı 250 dollardır. Lakin Ermənistanda bəzi sahələr var ki, orada məvacib normaldır. Normal maaş alan şəxslərdən biri də jurnalistlərdir. Ermənistanda jurnalistlərin orta aylıq əmək haqqı 500 dollardır. Lakin yenə də, Ermənistan sadə erməni xalqının yaşaması üçün çox əlverişsiz dövlətdir. Elə bu səbəbdən də, imkanı olan oradan köç edir.

Ziya Babayev
BAKU.WS