SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın 85 ölkəsində yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 95 mindən çox insan yoluxub.

BAKU.WS xəbər verir ki, virusa yoluxanların sayı çox olsa da, onların arasında sağalanlar da heç də az deyil.

Belə ki, dünya üzrə 53 mindən çox insan bu epidemiyadan xilas olmağı bacarıb. COVID-19 virusundan ölənlərin sayı isə 3286 nəfər təşkil edir. Həyatını itirənlərin 2902 nəfəri məhz Çinin payına düşür. Bu ölkədə virus daşıyıcıları isə 80 mindən çoxdur.

Sevindirici hal budur ki, virusun tüğyan etdiyi ölkələrdə sağalanların sayında da nəzərəçarpacaq dərəcədə artım var. Virusun yayıldığı gündən bu yana İranda 552 nəfər, İtaliyada 276 nəfər, Cənubi Koreyada isə 41 nəfər koronavirusdan sağalıb. Ən böyük sağalanlar kütləsi, təbii ki, 52 min 201 nəfərlə Çinin payına düşür.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxma halları rəsmi qeydə alınsa da, ölkədə bu xəstəliyin yayılma riski çox aşağıdır. Çünki ölkə üzrə bütün ictimai nəqliyyatda, metro, paytaxt və şəhərlərarası sərnişin avtobusları, sərnişin qatarları, təhsil ocaqları və insanların sıx toplaşdığı bütün obyektlərdə əvvəlcədən dezinfeksiya işləri aparılıb.

Bundan əlavə təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılıb.

Azərbaycanın sərhəd-keçid məntəqələri də koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə qərar qəbul olunub. Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması haqqında qərar verilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq koronavirus riskinin yayılması ilə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Nazirlər Kabinetindən verilən məlumata görə, yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyətli dövlət qurumları ilə müzakirə olunmuş və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilib.

İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunur.

Həmçinin Azərbaycan ərazisindən İtaliyaya hava reysləri də müvəqqəti dayandırılıb. “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib ki, tələbatın aşağı olması səbəbindən “Azərbaycan Hava Yolları” hər ilin fevral ayında Bakı-Milan-Bakı istiqaməti də daxil olmaqla bir sıra beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirmir:

"Uçuşlarda fasilə, həmçinin aviaşirkətə hava gəmiləri donanmasının əsaslı təmirini həyata keçirməyə imkan verir. Bu il Milana uçuşlar martın 17-də bərpa olunacaq. Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı olmaq ilə yerinə yetiriləcək".

Orxan Hüseyn
BAKU.WS