SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik. Yəni, səslənən bu məsələlər və fikirlər artıq aydın göstərir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələri vardır və bu əlaqələr bundan sonra da uğurla inkişaf etdiriləcəkdir".

Dövlət başçısı bildirib ki, iki ölkə arasında təhsil sahəsində də çox yaxşı əməkdaşlıq var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. "Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır", - Prezident İlham Əliyev əlavə edib.

BAKU.WS