SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsunun işdən çıxarılan icra başçısı haqda çoxsaylı şikayətlər vardı; sabiq nazirin bacısı oğlu Ənvər Seyidəliyevdən sonra sırada kimlər var...

Sentyabrın 30-da dövlət başçısının  sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilib. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bacısı oğlu (həm də bacanaqdırlar) Ə.Seyidəliyevin vəzifədən çıxarılacağı ilə bağlı xəbərlər çoxdan var idi.

İcra başçısının təkcə dayısı ilə deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olması iddia olunurdu. Yada salaq ki, 2003-2007-ci illərdə o, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifəsində işləyib. S.Müslümovun nazir olduğu dönəmdə rayon tam qohumların nəzarətinə keçib,  bütün mühüm vəzifələrə yerləşə biliblər.  

Səlim Müslümov hələ nazir olduğu zamanlarda icra başçısının dövlətin fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında bölüşdürməsi barədə mətbuatda məlumatlar dərc edilirdi. İddia olunurdu ki,  rayon sakinləri və fermerlər Prezident Administrasiyasına  kütləvi şikayət məktubları göndərib.

                      Ənvər Seyidəliyev

Şikayət məktubları əsasən Ağsu şəhərinin və rayonun kəndlərinin abadlaşdırılması və yolların yenidən çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin böyük qisminin  mənimsənilməsi, həmin işlərin icra olunması üçün maliyyə vəsaitini ayrı-ayrı vəzifəli şəxslərdən və sahibkarlardan toplanması, rayonda əkin üçün yararlı olan torpaq sahələrinin zəbt etməsi barədə olub. İcra başçısı özünün əkin  sahələrində rayon camaatını qəpik-quruşa işlədib, hətta son vaxtlar zəhmət haqqını da vermirmiş.  İcra hakimiyyətinin aztəminatlı, əlil və şəhid ailələrinə də sayğısız münasibət göstərdiyi deyilirdi. Son aylar Ağsu İcra Hakimiyyətində ciddi yoxlamaların aparıldığı da gələn xəbərlər sırasında idi. Sabiq icra başçısının qardaşı  Fətulla Seyidəliyevin hazırda “Kapitalbank”ın rayon filialının müdiri olduğu, digər qardaşının təqaüdçü  olsa da, rayon pambıq qəbulu məntəqəsində müdiri işlədiyi bildirilir.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim işləyir. O, iqtisad elmləri doktoru, professordur.

Gözlənilir ki, yaxın günlərdə S.Müslümovun və yaxın qohumlarının “Ağsu aşırımı”ndakı hökmranlığına tam son qoyulsun.
BAKU.WS