SİZİN REKLAM BURADA!
055 213 76 73


“KQB”-DTK arxivlərinin açılıb-açılmaması məsələsi Ermənistanda da yenidən müzakirə edilməkdədir.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın birinci baş naziri Vazgen Manukyan bildirib ki, 1990-cı illərdə onlar hakimiyyətə gələndən dərhal sonra “KQB” arxivlərinin açılıb-açılmaması məsələsi müzakirəyə çıxarılıb. Lakin bəlli olub ki, arxivdəki sənədlərin çoxu Rusiyaya aparılıb:

“Biz hələ qərar verməmişdik, arxivləri açaq, ya yox, ancaq mən onlarla tanış olmaq istədim. Məlum oldu ki, Sovet İttifaqı göründüyündən daha ağıllı imiş, bizim hakimiyyətə gəlməyimizdən bir neçə gün əvvəl ”KQB"nin bütün sənədləri təyyarə ilə Smolenskə daşınıb. O zaman məsələ ilə bağlı “KQB” rəhbərliyinə, Mixail Qorbaçova sənədlərin qaytarılması ilə bağlı müraciət etdik. Lakin nəticə olmadı".

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanda “KQB”nin arxivləri ilə bağlı da buna bənzər açıqlamalar verilib.

O illər AXC hakimiyyətində təmsil olunan Pənah Hüseyn bildirib ki, onlara arxiv sənədlərinin Rusiyaya aparılma və ya yandırılması təhlükəsinin olduğu barədə məlumatlar daxil olub:

“15 may 1992-ci ildə MTN-in kollegiyasının baş verən hadisələrə qarışmaması və konstitusiyaya sadiq qaldığı haqqında qərarı nazir İlhüseyn Hüseynov tərəfindən imzalı, möhürlü şəkildə, nazirin kabinetində, bütün müavinlərinin iştirakı ilə AXC rəhbərliyinə təqdim edildi. 17 mayda günün ikinci yarısında Nəsib Nəsibzadənin mənimlə təcili görüşmək istədiyini dedilər. Nəsib bəy dedi ki, tələbə yoldaşı, o vaxt MTN mərkəzi aparatında işləyən İman adlı MTN zabiti deyir ki, bir qrupun (konkret iki ad çəkilirdi) adamları tərəfindən, binadakıların da bəzilərinin köməyi ilə MTN binası tutulub yandırılacaq və arxivlər məhv ediləcək. Dərhal MTN binasının mühafizəsinin gücləndirilməsi və xarici perimetrdən qorunması haqqında AXC müvafiq qurumuna tapşırıq verildi. Həmin vaxt Ali Sovetin iclası gedirdi. İclasa Yaqub Məmmədov sədrlik edirdi. Mən AXC sədri Əbülfəz Elçibəyə alınan məlumatı və tədbirlərimizi çatdırdım. Bu barədə Yaqub Məmmədova bildirildi.

Ali Sovetin iclasına fasilə verildi. Yaqub Məmmədovun kabinetində məsələ müzakirə edildi. İlhüseyn Hüseynovun MTN rəhbəri vəzifəsindən azad olunması barədə fərman hazırlandı. Ali Sovet adından deputatlar İxtiyar Şirin və Tahir Kərimli, AXC İcraiyyə Komitəsinin Sədri qismində məndən ibarət tərkibdə rəsmi komissiya yaradıldı və həmin komissiyaya MTN binasının bütün giriş, çıxış və iş otaqlarını, kabinetləri, o cümlədən arxivi möhürləmək səlahiyyəti, bunun üçün Ali Sovetin xüsusi möhürü verildi. Biz bunu həyata keçirdik. Yalnız xüsusi hökumət rabitə sistemi (PATS) ATS-in otağı fəaliyyət göstərmək üçün açıq saxlanıldı. Arxivlərin ehtimal olunan məhvinin qarşısı alındı. Hansısa arxiv sənədlərinin Rusiyaya aparıldığı barədə məlumatı isə o dövrdə həmin qurumun rəhbərliyində işləmiş insanlar daha dəqiq bilər. Biz möhürlədiyimiz zaman arxivdə hansı sənədlər var idisə onlar qalmışdı. Ondan əvvəlki dövrdə hansısa sənədlər Moskvaya aparılıbsa da məndə məlumat olmayıb”.
BAKU.WS