SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə Rusiyanın “böyük yeddilər"ə qayıtmasına tərəfdar olduğunu deyib. Putin üçün bu göydəndüşmə təklifdir. Maraqlıdır ki, bir çox məsələdə Makronla fikir ayrılığı içərisində olan ABŞ prezidenti Donald Tramp da Rusiyanın “böyük yeddilər"ə qayıtmasını dəstəkləyir.

BAKU.WS xəbər verir ki, “Böyük yeddilər"in növbəti sammiti 2020-ci ildə keçiriləcək. Həmin tarixə qədər Amerika və Fransa o biri dövlətləri də Rusiyanın qayıtmasına razılıq verməyə çalışacaqlar.

Mövzunu şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, bu müddətdə Kreml də boş dayanmayacaq, arxasında Paris və Vaşinqtonun dəstəyini hiss edərək Berlin, Tokio və digərlərini yola gətirməyə çalışacaq və bu istiqamətdə diplomatik fəallığını artıracaq. Bu məsələdə problem başqadır.

"Rusiya 2014-cü ildə Krımı ilhaqına görə “böyük səkkizlərdən” çıxarılmış və klub “böyük yeddilərə” çevrilmişdi. İndi isə belə çıxacaq ki, böyük dövlətlər öz prinsiplərindən vaz keçərək Krımın ilhaqını həzm etməyə hazırdılar. Ümumiyyətlə hadisələrin gedişatı göstərir ki, Qərb dövlətləri Krımın ilhaqına görə Rusiyaya qarşı 5 ildir sanksiyalar tətbiq etsələr də, Rusiya ilə bağlı siyasətlərini bir qədər korrektə çalışır və Kremli tam itirmək istəmirlər. Yeni strategiyanın qısa izahı belədir ki, Rusiya prezidentinin siyasətini bəyənmirik, Krımın ilhaqı və Donbass separatçılarına verilən dəstək yanlışdır, ancaq buna görə Rusiyanı özümüzdən uzaqlaşdırmamız düzgün deyil, bu siyasət müsbət nəticə vermir. Rusiya bizdən uzaq qaldıqca rəqiblərimizlə, o cümlədən Çinlə yaxınlaşır. Ona görə də Rusiyanı bütün qüsurlarına və yanlış addımlarına rəğmən, yanımızda tutmalıyıq”.

Bu arada, Ukrayna prezidenti Vladimir Zelenskiy deyib ki, Rusiya “böyük yeddilərə” qayıtmaq istəyirsə Krımı Ukraynaya qaytarsın və Donbass separatçılarına dəstəkdən vaz keçsin. Təəssüf ki, böyük dövlətlər Rusiyanı yenidən klublarına qaytarmaq istəsələr, Ukrayna prezidentinin rəyini nəzərə almayacaqlar.

Orxan Hüseyn
BAKU.WS