SİZİN REKLAM BURADA!
055 213 76 73


Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevi saxlamaq üçün ötən gün keçirilən əməliyyat zamanı girov götürülmüş 6 xüsusi təyinatlı sərbəst buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə A.Atambayevin qərargahından bildiriblər.

Ötən gün ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən keçirilən əməliyyat zamanı 1 nəfər təhlükəsizlik zabiti ölüb, 52 nəfər də yaralanıb.
 
Barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanmış A.Atambayev iyun ayında toxunulmazlıq hüququndan məhrum edilib. Bəs, görəsən Qırğızıstanda baş verən hadisələrin kökündə nə dayanır? Mövcud vəziyyət Rusiyanı razı salırmı? Bu suallara cavab tapmaq üçün politoloq Elxan Şahinoğluna müraciət etdik. 

Ekspert BAKU.WS-ə açıqlamasında deyib ki, Atambayevin itirəcək heç nəyi qalmayıb: “Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq. Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır. Baş verənlərə Kremlin mövqeyi maraqlıdır.

Qırğızıstanın həm hazırki, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdılar. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə böyük ehtimalla Qırğızıstanın hazırki prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik”.

Politoloq əlavə edib ki, Atambayevin neytrallaşdırması Türkiyənin də maraqlarına cavab verir: ”Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırki prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq”.

Orxan Hüseyn
BAKU.WS