SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Milli Məclisinin (MM) deputatları gələn həftə tətilə çıxacaqlar.

BAKU.WS xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Sentyabrın 15-dən isə MM-in komitələri fəaliyyətə başlayır.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, Milli Məclisin sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856 manat, sıravi deputat isə 1732 manat maaş alır.

Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.

Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 29-cu maddəsinə əsasən məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Bu da o deməkdir ki, deputatlar maaşdan əlavə maaşı miqdarında əlavə müavinət də alacaq.

Fərid ƏDALƏT
BAKU.WS