VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 2-si Azərbaycanda Polis Günüdür.

BAKU.WS xəbər verir ki, bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polisi Günü kimi qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldıqdan az müddət sonra Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb.

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.

AXC süqut etdikdən sonra bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv edib.

Əvəzində "milis" adlandırılan qurum yaradılıb. Milisin vəzifəsi insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, azadfikirli insanların təqib və həbs edilməsinə yönəldilmişdi.

Sovet milisi mövcud olduğu 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynayıb.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, onun funksiya və vəzifələri dəqiqləşdirilib.

Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub.

Azərbaycanın polis əməkdaşları sıralarında xeyli sayda "Milli Qəhrəman" adına layiq görülənlər, habelə orden və medallarla təltif olunanlar var.

Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırılır.
BAKU.WS