SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov bir həftədir aclıq aksiyasını davam etdirir.

BAKU.WS xəbər verir ki, öz vəkili Teyyub Şərifovla paralel olaraq, Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin edilmis vəkil də bu gun Fuad Abbasovu ziyaret edib və materiallarla tanış olub.

7 iyundan aclıq aksiyasına başlayan F.Abbasov vəkillərə acliq aksiyasını davam etdirdiyini bildirib.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. Bununla yanaşı haqqında çıxarılan deportasiya qərarı hələ də icra edilməyib. Qərarın niyə icra olunmadığı və jurnalistin hələ də orada saxlanılmasının səbəbi barədə ailəsinə dəqiq məlumat verilmir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi jurnalist Fuad Abbasovun məsələsini nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür. Yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə Səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq Nota göndərilmiş və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanmışdır. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayır.

Zülfiyyə Qurbanova
BAKU.WS