SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.

BAKU.WS-in məlumatına görə, bununla bağlı Milli Məclisdə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklik edilib. Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.

Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, dövlət daktiloskopik qeydiyyatı – insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyətdir.

Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:

– itkin düşmüş şəxslərin axtarışı;

– naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi

– şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi;

– cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması.

BAKU.WS