SİZİN REKLAM BURADA!
055 213 76 73



“Prezident İlham Əliyev bu gün keçirdiyi müşavirədə 2019-cu ildə sosial müdafiə məsələlərində çox fərqlənən bir il olacağını dedi. Bildirdi ki, bunun üçün bizim iradəmiz də var, sosial siyasətimiz də var”.

BAKU.WS Bunu ONA-ya açıqlamasında Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Müşavirədən sonra müvafiq sərəncamın imzalandığını qeyd edən H. Rəcəbli sərəncamın demək olar ki, bütün sosial qrupa aid insanları əhatə etdiyini deyib: "Bu günlərdə problemli kreditlərlə bağlı da müvafiq addım atılacaq”.

Komitə sədri nəzərə çatdırıb ki, 2 milyon 200 min insan həmin sosial müdafiə qruplarında əhatə olunacaq: “Bu insanların sosial müdafiəsi hiss olunan dərəcədə yaxşılaşacaq. Görürsən ki, ailələrdə bir işləyən, bir əlil, bir işləyən, bir ahıl var, uşaq, ana var. Bu, bütövlükdə ailə büdcəsinə böyük miqdarda vəsaitin gəlməsinə səbəb olacaq. Bu addımın müsbət təsiri bütün ailələrdə hiss olunacaq. Ailə büdcəsi 40-50 faiz civarında artır. Bu isə insanların sosial güzəranının artmasına xidmət edəcək”.

H. Rəcəbli qeyd edib ki, Prezident İlham Əliyev bu gün keçirilən müşavirədə müxtəlif mənbələrdən əlavə 105 milyon, 80 milyon və 20 milyon manat gəlirin daxil olduğunu açıqlayıb: “Yəni iqtisadiyyat inkişaf edə-edə bu vəsaitlər büdcəyə daxil olur. Bütün bunlar prezidentin apardığı iqtisadi və sosial siyasətdə olan ardıcıl, sistemli işin nəticəsidir. Bu gəlirlər olmasaydı, bu sosial addımı da atmaq mümkün olmazdı. Beləliklə, bütün bu qruplarda artım ailə büdcəsində artıma gətirib çıxaracaq”.

BAKU.WS